"Sabah" dünən UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Slaviya" (Slavia Praha, Slavia Prague) ilə qarşılaşıb. Təmsilçimiz rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazanıb.
Azərbaycan millisinin və "bayquşlar"ın sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb oyunla bağlı fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"İlk növbədə komandanı, futbolçuları, məşqçilər heyətini və klub rəhbərliyini qələbə münasibəti ilə təbrik edirəm. Dünənki oyun bir daha göstərdi ki, "Sabah" layiqli şəkildə Çempionlar Liqasının Liqa mərhələsində iştirak edir.
Qarşılaşma xüsusilə ilk hissədə və qola qədər bərabər səviyyədə gedirdi. Komandamız hesabı açdıqdan sonra sonra rəqib daha da irəli çıxmaq istədi, müdafiədə boşluqlar yarandı və "Sabah" əks-hücumlarda fürsətlər əldə etdi. Ümumi görüş düşündüyümüz kimi gedirdi, yəni hər iki komanda qalib gəlmək üçün meydana çıxmışdı. Tərəflərə 3 xal lazım idi. Burada taktikalar və futbolçuların keyfiyyəti öz sözünü dedi. "Sabah" planlaşdırmışdı ki, əgər orta xətdə üstünlük əldə edə bilsə, istədiyi nəticəni qazana bilər. Bu da matçda göründü ki, təmsilçimiz ortadakı dominantlığı əlinə keçirmişdi. Ona görə bəzi hallarda görürdük ki, əks-hücumlarda rəqibi 4-ə 3, 5-ə 3, bu say çoxluğunda yaxalayır və çox gözəl imkanlar yaradırdılar. Qarşı tərəf də, dediyimiz kimi, asan komanda deyildi, onların da imkanları oldu, amma istifadə edə bilmədilər. Oyunçuların keyfiyyəti və ustalığı öz sözünü dedi. Vacib anlarda lazım olan qolları vura bildilər.
Uğurun davamı gəlsin! Bu qələbə göstərdi ki, "Sabah" istənilən rəqibə qarşı sürpriz etməyə qadir olan komandadır".
Əlisahib İbrahimli