Misli Premyer Liqasında ilk 7 turun statistikası təkcə rəqəmlərdən ibarət deyil. Bu göstəricilər klubların futbol fəlsəfəsi, yerli oyunçulara münasibəti və gələcəyə baxışı barədə də müəyyən təsəvvür yaradır. Bəzi komandalar azərbaycanlı oyunçulara güvənərək həm nəticə qazanır, həm də gələcəyə sərmayə qoyur. Digərləri isə ani uğur naminə yerli kadrları ehtiyat skamyasına həbs edir.
“Neftçi” həm nəticə qazanır, həm yerli futbolçuya güvənir
Bu siyahıda xüsusi diqqətə layiq komanda “Neftçi”dir. Paytaxt təmsilçisi 7 oyunda yerli futbolçulara 2276 dəqiqə şans verib. Üstəlik, “ağ-qaralar” 16 xalla turnir cədvəlinə başçılıq edir. Başqa sözlə, komanda həm nəticə qazanır, həm də yerli oyunçulara imkan yaratmaqdan çəkinmir.
Bu, vacib məqamdır. Çünki bəzən yerli futbolçulara güvənmək uğurlu nəticə hədəfi ilə uzlaşmayan seçim kimi təqdim olunur. “Neftçi”nin hazırkı mənzərəsi isə bu yanaşmanın mütləq həqiqət olmadığını göstərir. Deməli, yerli futbolçuya şans vermək iddialı komanda qurmaqdan imtina etmək demək deyil.
“Turan Tovuz”da yerli futbolçular niyə arxa plandadır?
“Turan Tovuz”un göstəricisi isə istər-istəməz sual yaradır. Komanda 7 oyunda yerli futbolçulara cəmi 450 dəqiqə şans verib. Daha diqqətçəkən məqam son turda bu göstəricinin sıfır olmasıdır.
Təbii ki, hər oyunun öz ssenarisi, hər məşqçinin öz planı var. Ancaq yeddi tur ərzində yaranan mənzərəni yalnız bir matçın gedişi ilə izah etmək çətindir. Yerli futbolçulara bu qədər az imkan yaradılırsa, klubun uzunmüddətli planında onların yeri nə qədərdir? Komanda yalnız bugünkü nəticəni düşünür, yoxsa sabah əsas heyətdə oynaya biləcək yerli futbolçuların inkişafını da nəzərə alır?
Bu sualların cavabı təkcə “Turan Tovuz” üçün deyil, bütövlükdə Azərbaycan futbolu üçün əhəmiyyətlidir. Çünki yerli oyunçuların inkişafı yalnız aşağı yaş qruplarında məşq etməklə tamamlanmır. Onlara əsas komandada real oyun təcrübəsi də lazımdır.
Ən maraqlı mənzərə isə “İmişli”dədir
Bölgə təmsilçisi 7 matçda yerli oyunçulara 3683 dəqiqə şans verərək siyahının zirvəsində qərarlaşıb. “Araz-Naxçıvan” 2689, “Şəfa” 2650, “Zirə” 2627, “Şamaxı” 2261, “Qəbələ” 2039 dəqiqə ilə diqqət çəkir. “Sumqayıt”ın 6 oyunda göstəricisi 1868, “Kəpəz”in isə 1456 dəqiqədir. Çempionatın əsas iddialılarından olan "Qarabağ" (362 dəqiqə) daha çox legioner gücünə bel bağladığı halda, "Sabah" 1473 dəqiqəlik göstərici ilə yerli kadrlar arasında nisbi balans saxlamağa çalışır.
Rəqəmlər bu günün deyil, sabahın da məsələsidir
Klubların əsas məqsədi qələbə qazanmaqdır və heç kim məşqçidən nəticəni kənara qoymağı tələb edə bilməz. Ancaq Azərbaycan futbolunun gələcəyini də yalnız transfer bazarında axtarmaq olmaz. Yerli oyunçuların inkişafı üçün əsas komandada şans qazanması, səhv etmək və təcrübə toplamaq imkanı əldə etməsi vacibdir.
İlk 7 turun statistikası yekun hökm vermək üçün kifayət deyil, amma müəyyən siqnallar artıq görünür. Mövsümün sonunda kimin neçə xal topladığını görəcəyik, amma yerli futbolçuların qazandığı təcrübənin dəyəri turnir cədvəlində əks olunmayacaq.
Qeyd edək ki, bonus cədvəli ilə bu hiperlink üzərindən keçid edərək saytımızda tanış ola bilərsiniz.
Kamil Xudiyev