Birinci Liqanın 4-cü turunda lider "Şahdağ Qusar"ın qonağı olan "Zaqatala" 0:6 hesabı ilə uduzub. 5-ci turda isə digər iddialı "Səbail"i qəbul edəcək, meydan sahiblərinin baş məşqçisi Rakif Əliyevlə əlaqə saxlayıb növbəti oyunla bağlı fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Bütün matçlara biz eyni şəkildə hazırlaşırıq. Sözsüz ki, 0:6 hesablı məğlubiyyət futbolçulara təsir edib. Onlar gəncdirlər. Bu hallar həyatlarında çox baş verə bilər. Ancaq biz mübarizəmizi sona qədər davam etdirməliyik. "Səbail" - "Karvan-Yevlax" matçına baxdım. Hazırda çempionluğa əsas namizədlərdən biri də "Səbail"dir. Çünki həm heyət baxımından, həm komanda olaraq, "Səbail" daha kompakt görünür. Buna baxmayaraq, "Karvan-Yevlax" komandası da yaxşı idi.
Biz matça maksimal gücümüzlə çıxacağıq, lakin oyunun necə olacağını zaman göstərəcək. Rəqibi təhlil edəndə də gördük ki, "Səbail" düşünülmüş hücumlar qurur, müdafiədə də həmçinin, yaxşı çıxış edirlər. Yüksək səviyyəli bir kollektivdir. Elə komandalar var ki, bir az futbolçuların daha çox fərdi keyfiyyətinə görə oynayırlar, amma "Səbail" elə deyil. Hər iki komanda elə bir futbol oynadılar ki, həm "Karvan-Yevlax", həm də "Səbail" elə bil Premyer Liqa komandalarıdır. Hücumların təşkili baxımından da Premyer Liqa səviyyəsində bir oyun idi. Ona görə işimiz çətindir, amma mübarizə aparacağıq, nəyin necə olacağını zaman göstərəcək".
Qeyd edək ki, "Zaqatala" - "Səbail" qarşılaşması oktyabrın 15-də reallaşacaq. Zaqatala OİK stadionunda baş tutacaq matçın start fiti 15:00-da səsləndiriləcək.
Əlisahib İbrahimli