1-ci Liqanın 5-ci turunda "Xankəndi" ev oyunlarını keçirdiyi Şamaxıda lider "Şahdağ Qusar"ı qəbul edəcək. Qarabağ təmsilçisinin ötən tur "Şimal"la oyunda (1:1) debüt edən baş məşqçisi Rəyal Nəcəfovla əlaqə saxlayıb Qusar komandası ilə dueldən nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Hər şeydən öncə məni saytınıza dünən verdiyi açıqlamada təyinatım münasibəti ilə təbrik edən Füzuli müəllimə ("Şahdağ Qusar"ın baş məşqçisi Füzuli Məmmədovu nəzərdə tutur - red.) təşəkkürümü bildirirəm. Nə qədər şablon səslənsə də, bizi həqiqətən ağır bir oyun gözləyir. Bu mövsüm çıxdığı bütün çempionat matçlarında qələbə qazanmış, vurduğu 13 qolun qarşılığında qapısında cəmi 1 qol görmüş rəqiblə üz-üzə gələcəyik. Çempionluğa ən real namizəddən danışırıqsa, matçın olduqca ağır alınacağı şübhə doğurmur.
Öz növbəmizdə, biz də bu görüşə səylə hazırlaşırıq. Məqsədimiz liderə qarşı yaxşı oyun göstərib yaxşı nəticə qazanmaqdır. Meydanda əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, "Xankəndi" - "Şahdağ Qusar" görüşü oktyabrın 15-də reallaşacaq. Şamaxı OİK stadionunda baş tutacaq matçın start fiti 15:00-da səsləndiriləcək.
Nihat