"Bir insan üçün bunun nə qədər böyük şərəf olduğunu ifadə edə bilmərəm" - Arda Turan

"Bir insan üçün bunun nə qədər böyük şərəf olduğunu ifadə edə bilmərəm" -  Arda Turan
"Şaxtyor"un (Shakhtar) baş məşqçisi Arda Turan Türkiyə millisinin baş məşqçisi postuna namizədliyinin gündəmə gəlməsi ilə bağlı açıqlama verib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Anadolu Ajansı" yayıb.
Mənbənin məlumatına görə, 39 yaşlı mütəxəssis bu vəzifəyə namizəd kimi göstərilməsinin onun üçün böyük şərəf olduğunu bildirib.
Arda Turan UEFA Çempionlar Liqasında AEK ilə matçdan əvvəl keçirilən mətbuat konfransında Türkiyə millisinin baş məşqçisi olmaq ehtimalı barədə danışıb:
"Bir insan üçün bunun nə qədər böyük şərəf olduğunu ifadə edə bilmərəm. Əvvəllər millinin bütün yaş qruplarında çıxış etmiş biri kimi yaşadığım hissləri sözlərlə anlatmaq çətindir. Uzun müddətdən sonra insanların mənim namizədliyim ətrafında birləşdiyini görmək də həqiqətən həyəcanvericidir. Ölkəmi və bayrağımı nə qədər sevdiyimi ürəkdən deyirəm. Ancaq ölkəmizə xidmət etməyin, onun bayrağını sinəndə daşımaqdan başqa yolları da var. Bəzən başqa ölkələrdə bayrağını dalğalandırmaqla da vətənini təmsil edə bilərsən. Mənə göstərilən dəstəyə görə hər kəsə sonsuz təşəkkürümü bildirirəm".
Gənc məşqçi kimi özünü daha da inkişaf etdirmək və meydanda daha çox vaxt keçirmək istədiyini deyən Turan Avropada uğur qazanan türk mütəxəssis kimi ölkəsini təmsil etməyin onun üçün əhəmiyyətini vurğulayıb.
O, "Şaxtyor"la müqaviləsinin sonuna qədər Ukrayna klubuna sadiq qalacağını da bildirib:
"Klubun prezidenti və rəhbərliyi qarşısında verdiyim söz var. Xəyallarını bölüşdüyüm futbolçularım mövcuddur. Onların ümidlərinə və həyəcanına hörmətsizlik etmək istəmirəm. Əgər özümlə bağlı bu məsələni daim gündəmə gətirsəm, bunun düzgün olmayacağını düşünürəm. Bəzən arzular insanın özü üçün daha uyğun zamanda gerçəkləşir. Ümid edirəm ki, mövqeyim aydın şəkildə başa düşülüb".
Qeyd edək ki, Türkiyə Futbol Federasiyası Vinçentso Montella (Vincenzo Montella) ilə yollarını ayırdıqdan sonra milli komandaya yeni baş məşqçi axtarışına başlayıb. Arda Turan isə hazırkı müqaviləsi müddətində "Şaxtyor"da qalmaq niyyətində olduğunu açıqlayıb.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər