"Sabah" dünən UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Slaviya" (Slavia Praha, Slavia Prague) ilə üz-üzə gəlib. Təmsilçimiz rəqibini 0:2 hesabı ilə məğlub edib.
Azərbaycan millisinin və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb "bayquşlar"ın qələbəsi və ölkə təmsilçisinin "Borussiya Dortmund"a (Borussia Dortmund) qarşı oynayacağı matçla bağlı fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Görüşlə bağlı yalnız xoş sözlər deməyim mümkündür. Əslində, matçdan öncə komandaların şanslarının bərabər olduğunu qeyd eləmişdim. Elə statistikaya da baxdım və hər iki tərəfdə topa sahib olma göstəricisi 50-50-yə idi. Oyunun gedişatında da, əslində, bəlkə də topa nəzarət edən tərəf bir az daha çox biz idik.
Qol imkanlarına gəlincə, biz hesabı açana qədər bir az bərabərsəviyyəli oyun gedirdi. Müdafiəçilərimiz özlərini sipər edərək bəzi epizodlarda qapımızı qoldan xilas elədilər. O cümlədən, bizim fərqlənmək üçün müəyyən şanslarımız olurdu, onların qapıçıları yaxşı çıxış edirdi. Ümumilikdə götürəsi olsaq, Çempionlar Liqasına layiq bir görüş izlədik. Oyundan öncə verdiyim açıqlamalarda dediyim "bu oyunun taleyini detallar həll edəcək" məsələsində elə o incəliklər görüşün nəticəsini müəyyənləşdirdi. Rəqibin bizim üzərimizə gələrkən onları əks-hücumda yaxalamağımız, qarşı tərəfi öz silahı ilə vurmağımız ikinci hissənin əvvəlində qola gətirib çıxartdı.
1:0-dan sonra daha çox qol imkanlarımızın olacağı ortaya çıxdı ki, bu da rəqibi artıq daha riskli oynamağa məcbur edirdi. Düzdür, rəqib bizim üzərimizdə təzyiq yaradırdı, amma bundan ağıllı istifadə edib ikinci qolu da vurduq. Bundan sonra oyunun məcrası tamamilə dəyişdi. Yenə onlar basqı ilə oynamağa çalışırdılar, nəsə dəyişmək istəyirdilər, ancaq artıq özlərinin də müdafiələri dağılmışdı. İkinci dəfə fərqlənəndən sonra artıq tam olaraq bu oyundan üç xal qazanacağımız açıq-aşkar göründü. Çempionlar Liqasında qrup mərhələsində komandamızın ilk qələbələrini və üç xalını qazanmaqları möhtəşəm idi.
Dortmund "Borussiya"sına gəlincə, hesab edirəm ki, bu, tamamilə fərqli bir oyun olacaq. Rəqib artıq Çempionlar Liqasının mütəmadi iştirakçısı kimi burada böyük təcrübəyə malikdir. Komandaların gücü etibarilə də Almaniya təmsilçisi artıq "Slaviya" deyil, yəni Dortmund "Borussiya"sı daha ciddi rəqibdir. Onlara qarşı oynayarkən düşünmürəm ki, "Slaviya" ilə yaratdığımız qol imkanları və yaxud da topa sahib olmaq baxımından oyuna o qədər hökm edə bilək. Bəlkə də, bunu eləmək mümkündür, amma oyunun məcrası bir az tamamilə başqa cür keçəcək. Hər halda, Almaniya klubu ilə görüşdə müəyyən qədər bizim qol şanslarımız olacaq. "Slaviya" ilə oyunda da bizim cinah hücumçularımızın istər Kahim Parris, istər Velko Simiç (Veljko Simić, Veljko Simic), istərsə də Coy Lens Mikels (Joy-Lance Mickels) olsun bu futbolçular irəli xətdə çox effektiv oynamağı bacardılar. Məncə, Dortmund "Borussiya"sı ilə də belə qol situasiyaları yüzdəyüz yaradılacaq. Sadəcə olaraq, "Slaviya" ilə olduğu kimi, bu fürsətləri həyata keçirmək lazımdır".
Əlisahib İbrahimli