Fransanın PSJ (Paris Saint-Germain) klubu "Barselona"nın (Barcelona) müdafiəçisi Erik Qarsiyanı (Eric García, Eric Garcia) transfer etməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Le Parisien" yayıb.
Məlumata görə, Paris təmsilçisi ispaniyalı futbolçunu 2027-ci ilin yay transfer pəncərəsi üçün əsas hədəf seçib. PSJ-nin baş məşqçisi Luis Enrike (Luis Enrique) 25 yaşlı müdafiəçini komandasında görmək istəyir.
Fransa klubu Erik Qarsiya üçün "Barselona"ya 70 milyon avro təklif edə bilər. PSJ müdafiənin mərkəzində və cinahlarında oynamaq bacarığına malik futbolçunu heyətinə qatmaqla müdafiə xəttini gücləndirməyi hədəfləyir.
Qeyd edək ki, Erik Qarsiyanın "Barselona" ilə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir. İspaniyalı futbolçu ötən mövsüm bütün turnirlərdə 51 oyunda meydana çıxıb və bunların 47-də start heyətində yer alıb.
"Barselona"nın yetirməsi olan Qarsiya 2017-ci ildə "Mançester Siti"yə (Manchester City) keçib. O, 2021-ci ildə Kataloniya klubuna qayıdıb. Daha sonra 2023-2024-cü illər mövsümündə icarə əsasında "Jirona"da (Girona) çıxış edib və uğurlu performansı ilə diqqət çəkib.
Hazırda Qarsiya Hans-Diter Flikin (Hans-Dieter Flick) rəhbərliyi altında "Barselona"nın əsas futbolçularından biri hesab olunur.
Əlisahib İbrahimli