Misli Premyer Liqasının 8-ci turunda "Qarabağ" ilə "Neftçi" üz-üzə gələcək. Hər iki komanda hazırda şərikli liderdir. "Qarabağ" bir oyun az keçirib. Azərbaycan millisinin və Ağdam təmsilçisinin sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb derbi ilə bağlı fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Neftçi" üçün bu oyunlar bəlkə də bir qədər çətin görünə bilər. Çünki komanda ardıcıl şəkildə liderlərlə ikinci dəfə qarşılaşır. Amma bunun həm üstün, həm də zəif tərəfləri var.
Sözsüz ki, "ağ-qaralar"dan danışsaq, üstün cəhətlərdən biri odur ki, ilk matçdan sonra yaxşı təsir bağışlayan bir komanda gördük. "Sabah" kimi, ötən mövsümün çempionu olan və Çempionlar Liqasında çıxış edən bir komandaya qarşı məğlub olmaması, qapısında qol görməməsi "Neftçi"nin müdafiə xəttinin də yaxşı çıxış etdiyini göstərdi. Digər tərəfdən, "Sabah"ın hücum xəttinin güclü olduğunu da hamımız bilirdik. "Neftçi" ilə oyundan sonra "bayquşlar"ın Çempionlar Liqasında qazandığı qələbəni də gördük. Belə bir komandaya qarşı yaxşı nəticə əldə etmək, ən azı heç-heçə qazanmaq "ağ-qaralar" üçün müsbət haldır.
Bu cür ruh yüksəkliyi ilə növbəti oyuna hazırlaşmaq "Neftçi"yə müəyyən üstünlük verə bilər. Digər tərəfdən, ilk görüşlə ikinci matç arasındakı müddət baxımından da kifayət qədər vaxt var idi. Düzdür, "Sabah"la qarşılaşmada komanda çox enerji sərf etsə də, böyük fiziki yüklənməyə məruz qalsa da, bərpa olunmaq üçün vaxtı var. Hətta “Qarabağ”la oyuna qədər müəyyən dəyişikliklər etmək və bunun üzərində işləmək üçün də kifayət qədər imkanları qalıb. Çünki komanda normal həftəlik oyun qrafikinə daxil olmuşdu. Ardıcıl üç-dörd gündən bir oyun keçirmək məcburiyyəti yox idi. Bu da "Neftçi" üçün üstünlükdür.
Bununla yanaşı, "Sabah"la "Qarabağ"ın oyun üslubları bir-birindən fərqlənir. Hər komandanın özünəməxsus fəlsəfəsi var. "Sabah"la heç-heçə etmək "Qarabağ"la oyunda da eyni nəticənin qeydə alınacağı demək deyil. Eyni zamanda, "Sabah"a qol vura bilməmələri Ağdam təmsilçisinə qarşı da qol vurmayacaqları anlamına gəlmir. Məsələyə hər iki prizmadan yanaşmaq lazımdır.
Bu matç "Neftçi" üçün tamamilə fərqli bir oyun olacaq. Dəyişməyən məqam isə budur ki, "Qarabağ" çox ciddi və təhlükəli rəqibdir. Ona görə də "Neftçi" "Sabah"la oyunda nümayiş etdirdiyi konsentrasiyanı qoruyub saxlamaq məcburiyyətindədir. Komanda "Sabah"la oyundakı balansı, yəni hücumla müdafiə arasındakı tarazlığı qorumağa çalışmalıdır. Çünki belə görüşlərdə digər rəqiblərə qarşı oynadığın kimi böyük qüvvə ilə irəli atılmaq ciddi səhvlərə yol aça bilər. Belə komandalar rəqibin verdiyi boşluqları bağışlamır və bundan istifadə edərək qol vururlar. Bu, "Neftçi"nin nəzərə almalı olduğu əsas məqamlardan biridir.
"Qarabağ"a gəlincə, məncə, komanda hələ istənilən dinamikada deyil. Hələlik əvvəlki oyunu tam görmürük. Amma istənilən halda, hansı formada olmasından asılı olmayaraq, "köhlənlər" "ağ-qaralar" üçün yenə də güclü rəqib olacaq. “Qarabağ”ın qələbə qazanmaq şansı da yüksəkdir. Çünki Renaldo Sefasın son oyundakı performansını nəzərə alsaq, "Qarabağ"ın hücum potensialına müsbət baxa bilərik.
Ümumilikdə, bizi yaxşı bir oyun gözləyir. Nəticə ilə bağlı konkret fikir bildirmək istəmirəm. Çünki bəlkə də ötən mövsüm olsaydı, "Qarabağ"ın bu oyunda qələbə qazanmaq ehtimalının yüksək olduğunu deyə bilərdim. Amma bu mövsüm eyni fikri söyləyə bilmərəm.
Bunun səbəbi "Neftçi"nin ötən mövsümlə müqayisədə müəyyən irəliləyiş əldə etməsi, özünəinamının artması və qol imkanlarını daha yaxşı reallaşdırmasıdır. Komanda yaratdığı qol epizodlarını daha yaxşı dəyərləndirməyə başlayıb. Gərgin qarşılaşma bizi gözləyir".
Əlisahib İbrahimli