"Sabah" dünən UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Slaviya" (Slavia Praha, Slavia Prague) ilə qarşılaşıb. Təmsilçimiz rəqibi 0:2 hesabı ilə məğlub edib.
Azərbaycan yığmasının sabiq hücumçusu, tanınmış məşqçi Samir Əliyevlə əlaqə saxlayıb matçla bağlı fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"İlk olaraq onu qeyd edim ki, püşkatmada "Sabah"ın bəxti gətirmədi. Çünki qarşılaşacağı rəqiblər, həqiqətən də, yəni "Slaviya" və "Vikinq" (Viking) istisna olmaqla, Avropanın nəhəng klublarıdır. Hansılar ki, daim Çempionlar Liqasında oynayıb, mübarizə aparan klublardır. Bu baxımdan, “Sabah”ın Çempionlar Liqasında ilk xallarını qazanması baxımından münasib rəqiblər "Slaviya" və "Vikinq"dir. Dünənki oyunda da "Sabah" yenə də yeni bir tarix yazdı. İlk dəfə Çempionlar Liqasının qrupuna düşməkdən əlavə, ilk ev oyununda da qələbə qazandı. Görüş haqqında onu deyə bilərəm ki, "Slaviya" da mükəmməl bir kollektivdir. Yəni fiziki cəhətdən atletik futbola üstünlük verirlər, daim rəqibi təzyiqdə saxlayırlar. Avropada öndə təzyiq edən və statistikaya görə öndə gedənlərdəndirlər. Amma "Sabah" bunun öhdəsindən gəldi. Oyun gedişatında da komandamız öz dişini göstərdi və məğlub olmaq fikrində olmadığını göstərərək layiqli qələbə qazandı. Düşünürəm ki, bu oyundakı qələbə "Sabah”ın növbəti matçlarda özünə inamını daha da artıracaq və dünənki üç xal təmsilçimiz üçün mühüm əhəmiyyət daşıyacaq. Ümid edirəm ki, Çempionlar Liqasında bu il daha çox xal toplayıb, böyük təcrübə qazanacaq və növbəti illərdə daha da irəli gedəcək".
Əlisahib İbrahimli