"Mançester Yunayted" (Manchester United) qış transfer pəncərəsində hücum xəttini gücləndirmək üçün "Dinamo Zaqreb"in (Dinamo Zagreb) futbolçusu Dion Belyonu (Dion Drena Beljo) nəzərdən keçirir.
Fanat.Az xəbər verir ki, informasiyanı "FootballTransfers" yayıb.
Mənbənin məlumatına görə, İngiltərə klubu xorvatiyalı hücumçunun çıxışını yaxından izləyir. Belyonun məhsuldar oyunu bir neçə Premyer Liqa təmsilçisinin də diqqətini cəlb edib. "Tottenhem" (Tottenham Hotspur) və "Everton" da 24 yaşlı futbolçunun vəziyyətini izləyən klublar sırasındadır.
Belyo ötən il "Dinamo Zaqreb"ə qoşulduqdan sonra yüksək məhsuldarlığı ilə seçilib. O, cari mövsümdə bütün turnirlərdə 13 oyunda 12 qol vurub. Ötən mövsüm isə 48 qarşılaşmada 38 dəfə fərqlənib.

"Mançester Yunayted"in hücumçu transferi ilə maraqlanmasının səbəblərindən biri Coşua Zirkzenin (Joshua Zirkzee) gələcəyinin qeyri-müəyyən olmasıdır. Klubun qış fasiləsində hücum xəttinə əlavə oyunçu cəlb etməyi planlaşdırdığı bildirilir.
Bununla belə, Belyonun "Mançester Yunayted"ə keçidi ilə bağlı tərəflər arasında razılaşma yoxdur. Hazırda söhbət klubun futbolçuya marağından və onun çıxışını izləməsindən gedir.
Əlisahib İbrahimli