"Vilyarreal"ın (Villarreal) qapıçısı Peter Qulaçinin (Gulácsi Péter, Peter Gulacsi) UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Napoli" ilə ev oyununu buraxmasının səbəbi bəlli olub.
Fanat.Az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti açıqlama yayıb.
36 yaşlı futbolçunun yoxluğunun səbəbi oğruların onun evinə silahlı basqın etməsi olub. Hadisə bazar ertəsindən çərşənbə axşamına keçən gecə baş verib. Silahlı maskalı hücumçular macar qapıçının evinə girərkən, Qulaçi özü, həyat yoldaşı və iki uşağı içəridə olub.
Quldurlar ailəni hədələyərək qiymətli əşyaların olduğu seyfi açmağa məcbur ediblər. Xoşbəxtlikdən, hücum zamanı ailə üzvlərinin heç biri fiziki xəsarət almayıb. Polis dərhal cinayətlə bağlı araşdırmaya başlayıb. "Vilyarreal" rəhbərliyi oyun başlamazdan əvvəl rəsmi olaraq qolkiperin şəxsi səbəblərə görə matçda iştirak edə bilməyəcəyini açıqlayıb.
Macar oyunçunun yoxluğu səbəbindən "sarı sualtı qayıq"ı braziliyalı Luis Junior (Luis Júnior) əvəzləyib. "Vilyarreal" görüşdən 3:1 hesabı ilə qalib ayrılıb. "Napoli" üzərində qələbə İspaniya klubunun Çempionlar Liqasında ilk qələbəsi olub. Komanda ilk turda səfərdə Dortmund "Borussiyası"na (Borussia Dortmund) uduzub (2:3).
İki oyundan sonra "Vilyarreal" 3 xalla Çempionlar Liqasının Liqa mərhələsində turnir cədvəlinin 10-cu pilləsinə yüksəlib. Ardıcıl iki məğlubiyyətdən sonra "Napoli" 31-ci yerə düşüb.
Mirağa