Tərlan Quliyev: "Hisslərə qapıla bilmərəm"

Tərlan Quliyev: "Hisslərə qapıla bilmərəm"

Milli komandamıza çağırılan “Kəpəz”in futbolçusu Tərlan Quliyev klubun mətbuat xidmətinə müsahibə verib. Fanat.az müsahibəni təqdim edir.

- Tərlan, əvvəlcə səni milliyə dəvət aldığına görə təbrik edirik.

- Çox sağ olun. Açığı, yığmaya dəvət alacağımı gözləmirdim, birdən-birə oldu. Çempionatın startında belə xəbər aldığım üçün çox sevindim. Hamı kimi mən də milli komanda naminə əlimdən gələni etməyə çalışacağam.

- Robert Prosineçkinin baş məşqçiliyi dövründə ilk dəfədi ki, yığmaya dəvət alırsan. Nə deyə bilərsən?

- Bundan əvvəl Berti Foqtsun vaxtında milliyə çağırılmışam. İtaliya, Xorvatiya və Bolqarıstana qarşı oyunlara dəvət almışdım. Xorvatlarla matçda 67-ci dəqiqədə meydana çıxmışdım, bolqarlarla Bakıdakı oyunda da ikinci hissədə oynamışam. O vaxt “Qarabağ”da çıxış edirdim.

- Deməli, “Kəpəz”ə keçidin yığmaya yenidən çağırıldığın üçün sənə düşərli oldu.

- Bilirdim ki, milliyə düşə bilmık üçün daim oynamaq lazımdı. Çünki baş məşqçi oynayanlara, kim güclüdüsə, onlara üstünlük verir. İnşallah, özümü sübut edib, əsas heyədə yer almağa səy göstərəcəm. Məqsədim budu.

- Buna kimi “Kəpəz”in bir neçə futbolçusu millinin sınaq toplanışına dəvət olunsa da, oyunlara çağırılan olmayıb. Tarixə səyahət etsək, komandanın üzvünün sırf oyuna görə sonuncu dəfə 2000-ci illərin əvvələrində yığmaya çağırıldığını deyə bilərik. Sən bu sindromu qırdın. Bunu bilirdin?

- Yox, bu barədə məlumatım yox idi. Uzun illərdən sonra “sarı-göy” formanı geyinən futbolçu kimi buna nail olduğum üçün çox fərəh duyuram. Gəncə kimi futbol şəhərini, “Kəpəz”i millidə təmsil edəcəyim üçün sevinirəm.

- Yəqin ki, arzu edirsən ki, yığmaya səninlə yanaşı komanda yoldaşlarından da düşən olsun.

- Əlbətdə, komandamızda çox yaxşı futbolçular var, onların da növbəti toplanışlarda yığmaya dəvət almasını ürəkdən istəyirəm. Hər şey qismətdən və çalışıb özünü göstərməkdən, sübut etməkdən asılıdı. Yaxşı olar.

- Milliyə dəvət almağın “Qəbələ” ilə qarşıdakı çempionat oyununda sənin üçün əlavə motivasiya olacaq?

- Bu sualı verəcəyinizi bilirdim. Əvvəlki iki turdakı oyunlara necə hazırlaşmışamsa, qarşıdakı matça da o cür məşq etmişəm. Özümü başqa cür də apara və ya ayrı hisslərə qapıla bilmərəm. Amma ruh yüksəkliyi var. Bu da olmalıdı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər