"Bu qələbəyə böyük ehtiyacımız var idi. Çünki ardıcıl uğursuzluqlar futbolçuların psixoloji durumuna da mənfi təsir göstərirdi. Bu uğursuz gedişə "dur" deməyin vaxtı çatmışdı. Şükürlər olsun ki, Sumqayıtda ilk qələbimizi bayram etdik. Qolu kimin vurmağı önəmli deyil, əsas olan qələbə idi ki, buna da nail olduq". Fanat.az xəbər verir ki, bu sözləri "Rəvan"ın futbolçusu Kamil Nurəhmədov deyib.
İlk qələbəsini Topaz Premyer Liqasının V turunda "Sumqayıt" üzərində qazanan "Rəvan"a qələbə gətirən qola Kamil imza atmışdı. Yeni komandasının forması ilə ilk qoluna imza atan futbolçu klubun rəsmi saytına açıqlama verib: "Əks-hücuma çıxarkən qarşımda boş sahənin olduğunu gördüm və irəli şığıdım. Fərdi bacarığı ilə rəqiblərdən sıyrılan Sebastiandan ötürmə aldıqdan sonra fikrim yalnız dəqiq zərbə vurmağa yönəlmişdi. Qapıçı irəli çıxdığından bir hərəkətlə onu çaşdırdım və yerə uzanmasına nail oldum. Ardından topun altından vuraraq onu tora göndərdim".
"Rəvan"ın yayda heyətinə qatdığı futbolçu ilk qolunun ona mənəvi dəstək olacağını düşünür: "Rəvan"da ilk qolumu vurdum. Ümid edirəm ki, bu tempdə də davam edəcəm. Çoxdan oynamadığımdan hələ oyun təcrübəsi baxımından bəzi problemlər yaşayıram. Bunu yoluna qoyduqdan sonra daha yaxşı çıxış edəcəm. Məşqçilərin etimadını qazanacağıma inanıram. Məşqlərdə var qüvvəmlə çalışıb optimal formaya düşmək niyyətindəyəm".
22 yaşlı futbolçu sonda "Qarabağ"la növbəti tur oyununa toxunub: "Rəqibin gücü bəllidi. Bizi çox çətin oyun gözləyir. Amma mübarizəsiz təslim olmaq niyyətimiz də yoxdu. Sona qədər döyüşəcəyik. AZAL göstərdi ki, bu komandaya qarşı oynamaq olar. Biz də əlimizdən gələnin ən yaxşısını edib "Sumqayıt"la matçdakı qələbənin təsadüf olmadığını göstərməyə çalışacağıq".
Fanat.az