1-ci Liqanın 5-ci turunda Şamaxıda "Şahdağ Qusar"ı qəbul edən "Xankəndi" cari mövsümdə liderə ilk məğlubiyyət acısını daddırdı - 1:0. Qarabağ təmsilçisinin baş məşqçisi Röyal Nəcəfovla əlaqə saxlayıb qələbəni şərh etməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Şahdağ Qusar"ı yaxşı təhlil etmişdik. Çox güclü rəqiblə üz-üzə gələcəyimizi bildirdik. Oyun planımızı da buna görə müəyyənləşdirmişdik. Hücum planlarımızı həyata keçirə bildik. Buna görə uşaqlara təşəkkürümü bildirirəm. Verilən tapşırıqları 70-80 faiz yerinə yetirməyi bacardılar. "Şahdağ Qusar" çox dəyərli komandadır, çempionluğa ən real namizəddir. Lideri məğlub etməyimiz sensasiya sayıla bilər, amma mən komandamı tanıdığım üçün bu nəticəni sürpriz hesab etmirəm. Uşaqlarda özünəinam yaratmaq vacib idi. Bu, "Xankəndi"nin Birinci Liqada ilk qələbəsidir. Uğurumuza sevinən hər kəsi - azarkeşlərimizi, futbolçularımızı, rəhbərliyi təbrik edirəm".
Nihat