"Qalatasaray"ın braziliyalı ulduzu Felipe Melo "sarı-qırmızılar"ın rəsmi jurnalına müsahibə verib. Fanat.az həmin müsahibəni ixtisarlarla təqdim edir:
- 2011-ci ildə "Qalatasaray"a gələndə nə düşünürdün?
- İlk mövsüm İstanbula icarə əsasında gəlmişdim. Düzünü desən, Super Liqa və Türkiyə ilə bağlı o qədər də məlumatlı deyildim. "Yuventus"un futbolçusu olduğum üçün ağlımda ilk öncə yenidən İtaliyaya qayıtmaq vardı. Lakin ilk mövsümün sonunda özümü Türkiyəyə, "Qalatasaray"a aid hiss etdim, buraya bağlandım. "Flaminqo"nu bir kənara qoysaq heç bir komandada ardıcıl 3 il forma geyməmişəm. Lakin burda uzun müddət qalmağı düşünürəm.
- Sənin burda qalmağında fatih Terim olduqca istəkli idi. Aranızda necə bir münasibət var?
- Fatih Terim həyatımda önəmli yeri olan biridi. Mənim "Qalatasaray"a yenidən gəlməyimdə və 3 illik müqavilə bağlamağımda ən böyük rolu Fatih Terim oynadı. O, Allahın bir hədiyyəsidi. Allah onu mənim həyatıma gətirdi, çox sevdiyim, hörmət etdiyim bir şəxsdi.
- 2014-cü ildə keçiriləcək Dünya çempionatında hədəfin var?
- Braziliyada keçiriləcək Dünya Çempionatına getməyi çox istəyirəm. Amma, bəzi yerlərdə real danışmaq lazımdı. Vaxt keçdikcə "görəsən gedə biləcəm" deyə düşünməyə başlayırsan. Allah istədikdən, qapı açdıqdan sonra hər şey ola bilər. Əgər bu mənim qismətimdə varsa, gedəcəm, yoxdusa, yox!
- Əvvəllər futbol həyatından bəhs edən bir kitab yazacağını demişdin...
- Futbolçu karyeramı başa vurduqdan sonra kitab yazmaq istəyirəm. O kitabda gələcək nəsillərə ötürüləcək bir çox məlumatlar olacaq. indi misal çəkməm düz olmaz. karyeramı başa vurum, daha sonra bu barədə söhbət edərik.
Fanat.az