Bu gecə futzal üzrə dünya çempionatında qrup mərhələsinin növbəti oyunları keçirilib. Fanat.Az xəbər verir ki, Azərbaycan millisi mundialda ikinci matçına çıxıb.
Kolumbiyada təşkil edilən çempionatda komandamız turnirin favoritlərindən olan İspaniya ilə qarşılaşıb. İlk görüşdə Mərakeş üzərində 5:0 hesablı qələbə qazanan Miltinyonun yetirmələri qrupun ən çətin sınağına çıxıblar. İspaniyanın da İran üzərində (5:1) qələbə qazandığını nəzərə alsaq, qalib gələn tərəf növbəti mərhələyə vəsiqəni rəsmiləşdirəcəkdi.
Yığmamız son 5 dünya çempionatında final oynamış 2 qat çempion və Avropa çempionatının 7 qat qalibi ilə başabaş mübarizə aparıb. Hətta hesabı komandamız açıb. Ancaq bu üstünlüyü qorumaq mümkün olmayıb. Hücumçumuz Vassoura isə rəqibi 1 dəfə cəzalandırsa da, 2 dəfə də avtoqola imza atıb. Gərgin mübarizənin yekununda komandamız 2:4 hesablı məğlubiyyətə düçar olub.
Qrupumuzdakı digər matçda isə İran Mərakeş üzərində çətin qələbə qazanıb - 5:3.
Bu nəticələrdən sonra İspaniya millisi 1/8 finala vəsiqəni təmin edib. Aktivində 3 xalı olan Azərbaycan və İran yığmaları isə son turda münasibətlərinə aydınlıq gətirəcəklər.
Dünya çempionatı
Qrup mərhələsi
II tur
16 sentyabr
Azərbaycan - İspaniya 2:4
Qollar: Vassoura, 3; Bolinya, 40 - Vassoura, 5 (avtoqol), 14 (avtoqol); Fernandao, 27; Migelin, 36
İran - Mərakeş 5:3
Qollar: Tayebi, 10; Javid, 15; Hassan Zadeh, 16, 24; Tavakoli, 18 - Juad, 16; Adil Habil, 19, 33
Fanat.Az