Qarşıdan İsraillə çətin səfər oyunu gəlir. 7 xallıq rekord müəyyənləşdirən Berti Foqtsun komandası cari tsikldə 4 xal toplayıb və Lüksemburqla keçirdiyi iki oyuna rəğmən, qələbə qazana bilməyib. Təbii, “kreslosu laxlayan” almanın dekabrda nəhayət, postunu tərk edəcəyi gözlənilir. Ancaq dəfələrlə verdiyi qərarı dəyişən “yuxarılar”ın əcnəbi çalışdırıcıyla əməkdaşlığı sürdürməsi də mümkündü. Əlqərəz, milli sentyabrın 7-də Ramat Qanda üzləri güldürsə, həm azərbaycanlı futbolsevərlər ümidlənəcək, həm də dildə “gedirəm” deyən Foqts.
Real yanaşsaq...
İsrail texnikalı futbol sərgiləyən, heyətində samballı əcnəbi klublarda top qovan oyunçular cəmləşmiş komandadı. Bakıdakı oyunda bərabərə qaldığımız rəqibdən alınan 1 xalı yaxşı nəticə saymağa dəyər. Azərbaycana zəfər dalınca gəlib bərabərliklə qayıdan kollektivin çalışdırıcısı isə şübhəsiz, yetirmələrini qisasa kökləyəcək. Real yanaşsaq, qonaq qismində Foqtslu yığmanın uğur qazanmaq şansı 20 faizdən çox deyil. Futbol ictimaiyyətinin inanmadığı zəfər öz yerində, Ramat Qandan heç-heçə ilə qayıtmaq ciddi nailiyyətlər sırasına düşəcək. Ancaq bu “İsraildə məğlubiyyət qaçılmazdı” fikrini irəli sürməyə əsas vermir.
Güclü bəndlər söz sahibidi
Şans həmişə var. İmkandan yararlanmaq üçün düzgün heyət qurmaq və oyunçuların verilən tapşırıqların öhdəsindən gəlməsi əsas şərtdi. Psixoloji hazırlığa gəlincə, azərbaycanlılardan fərqli xarakterə malik alman yox, futbolçular ayrı-ayrılıqda irəlidəki duelə köklənməlidi. Belədə, ümumi döyüş ruhu da yaranar.
İstənilən komandada liderlər olur. Məhz aparıcı futbolçuların fonunda digərlərinin də oyunu tənzimlənir. Güclü bəndlərin zəifləri məşqdə və oyunların gedişində ilhamlandırması faktdı. Təsadüfi deyil ki, güvənilən isimlərdən birinin və ya ikisinin oyunu alınmayanda, təcrübəsizlərin, sıravi fiqurların davranışından çaşqınlıq süzülür.
Bizim mərəz
Azərbaycan futbolunun ənənəvi mərəzlərindən biri istedadlı oyunçuların hədəfsizliyi, gənclərin qazanmaq alovunda karyerasını yandırmasıdı. Müxtəlif vaxtlarda gələcəyinə böyük ümidlər bəslədiyimiz onlarla futbolçunun potensialını tam açmadan qocaldığına şahidlik etmiş, paranı düşünüb getdiyi klubda başını girləyənlərin çöküşünü görmüşük. Oyun praktikasından əziyyət çəkənlərin məcburiyyətdən yığmaya gəlib özünü biabır etməsi də azərbaycanlı azarkeşlər üçün tanış haldı. Biz böyük futbol ölkəsi deyiliksə və kimliyindən asılı olmayaraq, yığmanı çalışdıran mütəxəssisin geniş seçim imkanı olmursa, klubunda az forma şansı qazananların milliyə dəvət alması normal qarşılanmalıdı. Ayrı-ayrı vaxtlarda Əfran İsmayılov, Rauf Əliyev (bu futbolçu millidə demək olar ki, həmişə yaxşı çıxışla diqqət çəkib), Vaqif Cavadov, Cavid Hüseynov, Ruslan Abışov və başqaları oxşar aqibətlə üzləşib və bu millinin uğursuz nəticələrinə təsirsiz ötüşməyib.
Bir qucaq ümid
İndiki vəziyyət istər-istəməz ürəklərə ümid toxumu səpir. “Qarabağ”ın heyətindəki yığma üzvləri Avroliqanın pley-offuna qədər beynəlxalq oyun təcrübəsini bir qədər də artırıbsa, Frankfurtda “Ayntraxt” azarkeşinin önünə yeni çıxıbsa, İsrail səfərinə Maksim Medvedev, Qara Qarayev, Rəşad Sadıqov tam hazırdı. Milinko Pantiçli “Bakı”nın ardıcıl 3 çempionat matçında ortaya qoyduğu futbol, bu komandada çıxış edən Əfran, Cavid, Rauf və Kamran Ağayevin timsalında 4 əsas futbolçunun qələbələrdə böyük pay sahibi olması sevindirir. Əfran “Qarabağ”da parladığı dönəmləri xatırladır. Son iki çempionat matçında 2 gözəl qol da vuran vinger adından söz etdirir. Türkiyədə legioner həyatı yaşayıb vətənə qayıdan Hüseynov da İsmayılovdan geri qalmırsa, hesabat turunda başla fərqlənən Əliyev rumın forvard Marius Penanı ehtiyata göndərib. “Sivasspor”lu Cihan Özkaranın çempionat matçında meydanda görünməsi, Ruslan Abışovun ikinci yarıda da olsa, Avroliqanın pley-offunda forma şansı tanıması qabardılmalıdı. Milli üzvlərinin ön plana çıxması Ramatqandan xalla dönmək ehtimalını artırır. Sükanı belə saxlasalar...
NİHAT, “Futbol+”