“Hazırda vəziyyət elə həddə gəlib çatıb ki, durum çox kritikdi. Təsəvvür edin ki, mənim adamlarımı “Lans”dan daşla qovurlar. Görün, mən “Lans”ı nə vəziyyətə qoymuşam, bu durumdan özüm xəcalət çəkirəm". Fanat.az xəbər verir ki, bu sözləri Azərbaycanın iş adamı, “Baghlan Group”un prezidenti Hafiz Məmmədov deyib.
"Qafqazinfo"ya danışan iş adamı "Lans"a görə 14 milyon avro borcunun oduğunu deyib: "Mən ora 18 milyon pul ödəməli idim, bu pul əvvəlcədən klubun hesabına yatırılmalı idi. Dedim ki, əvvəlcədən pulu ödəmək mənasız olar, biz ödəmələri hissə-hissə həyata keçirərik. Halbuki, digər klublar vəsaitləri öncədən ödəyirlər. Fransa Futbol Federasiyası bizə güzəşt etdi, lakin vaxtında ödəyə bilmədik. Onlar hər dəfə bizə güzəştə gediblər. Bu gün bizim ödəməli olduğumuz 14 milyon borc var. Bu pulu ödəməməyin variantı yoxdu. Artıq son gündü, məbləğ ödənilməlidi. Açığı mən niyə bu vəziyyətə düşdüm, əslində ağılsız adam deyiləm. Mənə ümumiyyətlə, biznesdə “Sistem Hafiz” deyirlər. Çünki hər şeyi hesablayaraq görürəm. Məni pis vəziyyətdə qoydular. Kimlər ki, pullarını ödəməli idilər, ödəmədilər. Öz öhdəliklərini yerinə yetirmədilər".
İş adamı həmçinin, dəfələrə mətbuatda maddi durumunun kritik olması ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib: “Bu dəqiqə dünyada ən zəhləm gedən söz “darıxma yaxşı olacaq”dı. Belə sözləri demək olar ki, hər gün eşidirəm. Həm “Bakı Taxi”, həm də “Trans Qeyt”in operatoru mənim şirkətimdi. Bayaq dediyim kimi, həyatda belə dərs almamışdım, hamını tanıdım. Yanımda olan insanlar da çox oldu. Xüsusilə “PaşaBank” “Mərkəzi Bank” və “Kapitalbank”a minnətdarlığımı bildirirəm. Onlar məni vəziyyətdən çıxardılar. Demək olar ki, bir çox borclarımı bağladılar. AFFA-nın “Bakı” klubuna ödədiyi vəsait isə "Paşa Bankın"ın bizə ayırdığı kreditdi. Mən son 11 ildə Azərbaycan futboluna ürəyimi vermişəm, kiminsə 3-5 qəpiklik minnətini götürə bilmərəm”.
Hafiz Məmmədov “Lans” və “Bakı”nın Anar Məmmədov tərəfindən əlindən alınması ilə bağlı mətbuatda yazılanlara da münasibət bildirib: “Guya “Bakı” klubunu əlimdən aldılar, hansısa evimi girov götürdülər. Bütün bunların mənası yoxdu. Yəni mən o günə qalmışam ki, 100 min tapıb “Bakı”nın işçilərinin maaşını verməyim? Qəti olaraq bildirmək istəyirəm ki, mən nə “Lans”ı, nə “Bakı” klubunu heç kimə verən deyiləm. Nə etməli olduğumu yalnız bu ölkənin rəhbərliyi deyə bilər. Əgər məsləhət olsa, mənim dövlətimin rəhbərliyində olan şəxslər deyərlər ki, bu addımı at, mən də ataram. Ancaq kiminsə gəlib mənim əlimdən klub alması, yerimə keçməsi həyatda mümkün deyil. Mənim Hafiz Məmmədov olmağım və insanlara verdiyim sözlərə necə sadiq qalmagım tezliklə məlum olacaq. Yetər ki, bizim biznes tərəfdaşlarımız, alver etdiyimiz insanlar üzərlərinə götürdükləri öhdəlikləri vaxtında yerinə yetirsinlər”.
Fanat.az