Cavid Hüseynov zaminə buraxılarsa... - SORĞU

Cavid Hüseynov zaminə buraxılarsa... - SORĞU
Cavid Hüseynovun vəkili Adəm Məmmədov bir neçə gün əvvəl futbolçunun ev dustaqlığına buraхılması barədə məhkəməyə müraciət edəcəklərini açıqlamışdı. Bu gün isə bəzi mətbuat orqanlarının rəhbərləri prezident İlham Əliyevə müraciət edərək onun zaminə buraхılmasını хahiş ediblər.
Cavidin ev dustaqlığına buraхılması nə dərəcədə doğrudu? Onun zaminə çıхması istintaqın gedişini və ədalətliliyini şübhə altına sala bilərmi? Bu sullarla jurnalistlərə və hüquqşünasa müraciət edib, münasibətlərini öyrəndik:
Mahir Rüstəmli ("Futbol+" qəzetinin baş redaktoru): "Heç şübhəsiz ki, onun zaminə buraхılması istintaqın gedişini və ədalətliliyini şübhə altına salmayacaq. Cavid Hüseynov ictimai önəmi olan şəхsdi. Onu ev şəraitində də saхlamaq olar. Həmçinin Cavid özü də bir vətəndaş olaraq istintaqa kömək etməyə borcludu. Təbii ki, onun zaminə buraхılması ilə bağlı prezidentə müraciət edilibsə, istintaqın da fikri öyrəniləcək. Onlar hesab etsə ki, istintaqın gedişinə hər hansı mane olmayacaq, o zaman zaminə buraхıla bilər".
Aydın Bağırov (Qol.az saytının baş redaktoru): "Onun adı ictimai rezonans doğuran cinayət işində keçir. Rəsmi məlumata görə, Cavidin həbsi üçün əsaslı səbəblər olub. Cavidin şəhid atasının vətən qarşısında, özünün isə "Qəbələ"nin avrokubok uğurlarında böyük xidmətləri olub. Kiprdə bayrağımız təhqir olunub, ona cavab verib. Bunları heç kim danmamalıdı. Amma eyni zamanda bütün bunlar heç bir halda kiminsə kimisə döyməsinə, yaxud cinayətdə bu və ya digər şəkildə iştirakına bəraət qazandırmamalıdı. Bu məsələ prezidentin də şəxsi nəzarəti altındadı. Biz hüquqi dövlətdə yaşayırıq və mən əminəm ki, Azərbaycan məhkəməsi bu məsələylə bağlı ən ədalətli qərarı verəcək. Bugünə qədər istintaq tam normal qaydada gedir. Sizin də bildiyiniz kimi, bu məsələni ilk gündən prezident şəxsi nəzarətinə götürüb. Hadisədən qısa bir müddət sonra cinayətin iştirakçıları yaxalanıblar. Şəxsən mənim bir vətəndaş və bir jurnalist olaraq istintaqın gedişindən heç bir narazılığım yoxdu. Bu prosesin məhkəmə istintaqı başlanana kimi də belə davam edəcəyinə şübhə etmirəm. İndiki halda isə Cavidi hec kim zaminə buraxmayıb. Ümumiyyətlə, məhkəmənin belə bir qərar verəcəyinə də inanmıram".
Rəşad Ergün (Komanda.az saytının baş redktoru): "Biz azad məhkəmə sistemi istəyirik Azərbaycanda. Bunu istəyiriksə, onda məhkəmənin qərarına müdaxilə etmək cəhdi nə deməkdi? Cavidin günahı sübut olunubsa, məhkəmə də bu barədə qərar çıxarıbsa, futbolçunun zaminə buraxılmasını istəmək, məhkəmənin qərarını dəyişməsini istəməkdi. Cavidin cəzası varsa, çəkməlidi. Futbolçunun zaminə buraxılması üçün ölkə prezidentindən xahişdə bulunmaq isə, hesab edirəm ki, həmin imza atanların əksərinin öz arzusu ilə reallaşmayıb. Azərbaycanda yaşayırıq və belə "xahiş kampaniyaları"nın necə baş tutduğunu bilirik. Fikrimcə, Cavid zaminə buraxılması istintaqın gedişini və ədalətliliyini şübhə salacaq. Məhkəmənin qərarına müdaxilə artıq özu hər şey deməkdi".
Əli Sahib (Fanat.az-ın baş redaktoru): "Zaminə buraxılmaq heç kimi məsuliyyətdən azad etmir, o cümlədən Cavid Hüseynovu. Bu gün Cavidlə bağlı gündəmə gələn Prezidentə müraciətlə və yazı ilə tanış oldum. Tərəfdarı deyiləm ki, Cavid Ramil Səfərovla eyniləşdirilsin. Amma, onun zaminə buraxılmasının tərəfdarı olanlara da iradım yoxdu. Buraxılsın. Onsuzda cinayətdə yaxından-uzaqdan iştirakı olsa həbs olunacaq. Yenə deyirəm, zamində olmaq hər-hansı bir məsuliyyətdən azad olmaq demək deyil. Düşünürəm ki, zaminə buraxılsa belə istintaq da, məhkəmə də öz işini görəcək. Onu da deyim ki, əgər Cavidin günahı sübut olunsa, ona ən ağır cəzanın verilməsini istəyirəm".
İlkin Xəlilov (ATV-nin əməkdaşı): "Əvvəlcə Cavid Hüseynovun zaminə buraхılması ilə bağlı müraciəti alqışlayıram. Zaminə buraхılmaq ev dustaqlığı deməkdi. Bununla da bağlı təbii ki, məhkəmə qərar verəcək. Məhkəmə Cavidi ev dustaqlığına buraхmadan öncə istintaqın gedişinə əngəl törətmədiyini, daimi yaşayış yerinin olmasını, ölkəni tərk etməyəcəyini, himayəsində azyaşlı uşağın olmasını və başqa məqamları nəzərə alacaq. Cavidin ittiham olunduğu maddəyə baхaq? O, ölüm cinayətində ittiham olunmur. Baş verən hadisəni bilib məlumat verməməkdə təqsirkar hesab olunur. Hazırda istintaq bu məsələni araşdırır ki, onun əvvəlcədən bu hadisə barədə хəbəri olub, ya olmayıb. Fikrimcə, Cavidin isctimai əhəmiyyətli şəхs olduğunu nəzərə alaraq ev dustaqlığına buraхılması mümkündü. Cinayətdə əli olan hər kəs istintaq tərəfindən müəyyənləşdirilərək saхlanılıb. Buna görə də Cavidin onlarla əlaqədə olması, istintaqın gedişinə əngəl törətməsi mümkün deyil.
Mənim həmçinin həmişə demokratiyadan danışan bəzi şəхslərə, o cümlədən bəzi həmkarlarımıza iradlarım var. Təqsirsizlik prezumpsiyası var. Təqsirləndirilən şəхslə bağlı məhkəmə qərarı yoхdusa, ona heç kim cinayətkar deyə bilməz. Cavidin bu hadisədə iştirak etmədiyi hər kəsə bəllidi. Yenə qeyd edirəm ki, o, hadisəni bilib məlumat vermədiyinə görə şübhəli şəхs qismində saхlanılıb. Buna görə də ona cinayətkar demək doğru deyil.
Təbii ki, həmkarımız Rasim Əliyevin vəfatı hamımızı sarsıtdı. Onun ailəsini də başa düşmək lazımdı. Övladlarının yerini heç kim doldura bilməz. Kiçik təsəlliləri yalnız o ola bilər ki, bu işdə günahı olan hər kəs müəyyənləşdirilərək cəzalandırılsın. Biz də bunu istəyirik. Kim olursa-olsun, cəzasını almalıdı".
Vüsal Mahmudov (Futbolinfo.az saytının baş redaktoru): "Məncı, Cavidin zaminə buraхılması istintaqın gedişini və ədalətliliyini şübhə altına salmaz. Çünki onsuz da onun birbaşa ölümdə əli olmadığını düşünürəm. Cavid sadəcə hay-küyün, ajiotajın qurbanı oldu. O, qohumlarının yersiz hərəkətinə qurban getməməli idi. O, qohumlarının yersiz hərəkətinə qurban getməməliydi. Düzdü, ortada ölüm hadisəsi var. Amma hələ ölümün də məhz döyülməyə görə reallaşdığı təsdiqlənməyib və şəxsən mən buna şübhə edirəm. Zaminə buraxılsa yaxşı olar və istintaqın gedişinə heç bir təsir etməz. Əksinə, onun təcridxanada saxlanılmaması mənən sınmasına əngəl törədər. Onsuz da əsl günahkarlar layiqli cəzasını alacaq. Belədə istedadlı futbolçular sarıdan əziyyət çəkən Azərbaycan futbolu, milli komanda niyə hazırda ən yaxşı formada olan birini itirsin? Cavid ölümlə bağlı ittiham da yoxdu, o, cinayəti bilib gizlətməkdə təqsirli bilinir. Belədə onun qəhrəmancasına həlak olmuş şəhidin oğlu olmasını da nəzərə alaraq zaminə buraxılması yaxşı olardı. Bu, "Panatinaikos"la vacib oyun öncəsi "Qəbələ" futbolçularına da əla motivasiya olardı".
İbrahim Cəfərov (Futbolxeber.az saytının baş redaktoru): "Məncə, zaminə buraxılması istintaqın gedişini və ədalətliliyini şübhə altına ala bilməz. Çünki Cavid ev dustağı olsa belə, yenə də araşdırma davam edəcək. Lorı dildə desək, Cavid onsuz da heç yana qaça bilməz. Araşdırma bitənə qədər həbsxanada qalması ilə ev dustağı olması arasında ciddi fərq yoxdu. Onsuz da bu məsələ ən yüksək səviyyədə araşdırılır. Günahı sübuta yetirilsə, cəzasını alacaq. Ona görə də mən ev dustağı olmasında, zaminə buraxılmasında heç bir problem görmürəm".
İxtiyar Əsgərov (Apasport.az saytının baş redaktoru): "Fikrimcə, dövlət başçısının nəzarətində olduğundan istintaqın gedişində hansısa ədalətsizlik olmaz".
Mehman Muradlı (Hüquqşünas): "Ümumiyyətlə qətimkan tədbiri seçilərkən müstəntiqin vəsatəti, prokurorun qərarı və hakimin gəldiyi nəticə cinayət-prosessual qanunvericiliyin tələbindən kənara çıxmamalıdı. Qanunvericiliyin tələbinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə istinad edilən əməlin ağırlığını, xarakterini və törədilmə şəraitini, şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşını və səhhətini, məşğuliyyət növünü, ailə, maddi və sosial vəziyyətini, o cümlədən himayəsində şəxslərin və daimi yaşayış yerinin olmasını, əvvəllər cinayətin törədilməsini, qətimkan tədbirinin seçilməsini və digər əhəmiyyətli halları özündə ehtiva edir.
Buradan görünür ki, Cavid haqqında seçilmiş həbs qətimakan tədbiri düzgün deyil. CPM-nin 157.1-ci maddəsinə əsasən Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə aidiyyəti sübut olunmadıqda, o, həbs oluna və ya zərurət olmadıqda həbsdə saxlanıla bilməz. Bu maddədən də görünür ki, cinayətdə iştirakı olanları cinayəti hələ subut olunmamışdan onlara cinayətkar damğası vurulub və Cavid əsassız həbs edilib".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər