"Azərbaycanda heç vaxt yeni olimpiya kompleksinin açılıb təmirə bağlanma halı olmayıb". Fanat.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.
O, jurnalistlərə Olimpiya Komplekslərinə birgə səfər təklif edib: "Gəlin, yığışaq, təzə komplekslərə səfər edək. Bəzi olimpiya komplekslərində həqiqətən də problem var idi. Məsələn, Göyçay Olimpiya Kompleksinin tikildiyi ərazi əvvəllər zibillik idi. Zibilin üstündə nə qədər iş gördük ki, kompleks tikək".
Nazir komplekslərin təmirə bağlanması yox, həmin qurğularda cari təmirin aparılma hallarının olduğunu bildirib: "Biz kompleksləri büdcədən əlavə vəsait götürmədən öz daxili imkanlarımız hesabına təmir etdirdik. Belə problemlər bütün dünyada olur. Çalışırıq ki, olmasın. Amma kompleksləri 40-dan artıq tikinti təşkilatı tikir. Birində təcrübə, digərində məsuliyyət daha çox olur. Heç bir kompleksdən istifadə edə bilmədiyimizi demək olmaz. Qaxdakı kompleks bir həftədi ki, açılıb. Hər cür şəraiti olsa da, müdir yoxdur. 2-3 nəfərin namizədliyini təklif etmişdilər. Almaniyanın energetika şirkəti 2 kottec götürüb, Kürdəmir olimpiya kompleksini onun sayəsində saxlayırıq. Mingəçevir Olimpiya Mərkəzi Rusiyanın avarçəkmə yığmalarının təlim-məşq toplantısı keçirməsi hesabına dolanır. Komplekslərimizdə acınacaqlı, qorxulu problem yoxdu".
Rəhimov nazirliyin 2013-cü ilin yanvar-avqust aylarındakı fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçirib. tədbirdə nazir əldə olunan nailiyyətlərdən danışıb. O bildirib ki, ötən 8 ay ərzində Azərbaycan milli komandaları hər biri 12 gündən az olmayaraq, 52 təlim-məşq toplantısında iştirak ediblər. Həmçinin, ölkəmizdə 125 respublika daxili və 20 beynəlxalq turnir keçirilib. 158 beynəlxalq yarışda isə yığmalarımız iştirak ediblər: "Ən böyük uğurumuz Rusiyanın Kazan şəhərində keçirilmiş XXVII Ümumdünya Universiadasında əldə olunub. Orada 4 qızıl, 5 gümüş, 7 bürünc olmaqla 16 medal qazanılıb. Ölkəmiz dünyada 15-ci yeri tutaraq, tarixi uğura imza atıb. Hollandiyanın Utrext şəhərində keçirilmiş Gənclərin Olimpiya Festivalında isə idmançılarımız 2 qızıl, 1 bürünc medala sahib olublar".
Qarşıda isə idmançılarımızı İndoneziyanın paytaxtı Cakartada keçiriləcək III İslam Oyunları gözləyir. Sentyabrın 22-dən oktyabrın 2-dək keçiriləcək yarışa Azərbaycan 130 nəfərlik nümayəndə heyəti ilə yollanacaq. Bu ilin 8 ayı ərzində idmançılarımız beynəlxalq yarışlarda 70 qızıl, 86 gümüş, 96 bürünc medal əldə ediblər. Nazir ilin sonunadək medal sayının 700-dən çox olacağına və yeni rekord əldə ediləcəyinə inam ifadə edib. Rəhimov 2015-ci il I Avropa Oyunlarına və 2017-ci il İslam Həmrəyliyi Oyunlarından başqa Bakıda keçiriləcək bir sıra nüfuzlu yarışlara da hazırlıq getdiyini bildirib. O, şahmat üzrə 2015-ci ildə Dünya Kuboku, 2016-cı ildə Olimpiada, gələn il isə Dünya İdman Jurnalistləri Konqresinin də Bakıda keçiriləcəyini əlavə edib.
Bu il Qobustan, Şirvan, Xaçmaz, Qax və Saatlıda Olimpiya kompleksləri istifadəyə verilib. Sentyabrda Göygöldə yeni kompleks açılacaq. Ağcabədi və Abşeron rayonlarında komplekslərin tikintisi davam etdirilir, Goranboy, Neftçala və Tərtər Olimpiya Kompleksinin, Yardımlı və Bakının Qala qəsəbələrindəki idman komplekslərinin və Lənkəran olimpiya komplekslərinin yenidən qurulmasının layihə-smeta sənədləri hazırlanır. Eyni zamanda Olimpiya hərəkatı və İdman Muzeyinin tikintisi üçün torpaq sahəsi ayrılıb və ilkin layihələşdirmə işləri həyata keçirilir.
Nazir 2015-ci il Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı əməliyyat şirkəti yaradıldığını deyib. Rəhimov bildirib ki, BEGOC adlanan şirkətin CEO-su və 14 müxtəlif istiqamət üzrə departamentləri var. Onlardan biri də mətbuat üzrədi. Nazirin sözlərinə görə, xarici mütəxəssisin başçılıq edəcəyi sektorda yerli və təcrübəli media nümayəndələrinin də yer alacaq: "Sentyabrın axırınadək bu qurum tam formalaşacaq, bütün cavabdeh şəxslər müəyyənləşəcək. Bu işlərə sizin də dəstəyinizi gözləyirik".
AGİN-nin rəhbəri yeni idman federasiyasının yaradıldığını da bildirib. Onun sözlərinə görə Azərbaycan Triatlon Federasiyası artıq fəaliyyətə başlayıb. Artıq yeni qurum beynəlxalq federasiyalarda da qeydiyyatdan keçib.
Qeyd edək ki, triatlon üzgüçülük, velisoped sürmə və qaçışı özündə birləşdirən mərhələli idman yarışıdır.
lent.az