Ruslan Abışov üçün finala bərabər 6 oyun

Ruslan Abışov üçün finala bərabər 6 oyun

Topaz Premyer Liqasının XXIX turunun “Qəbələ” - “Simurq” oyununda olkə cempionatları tarixində yubiley qol vurulub. Fanat.az xəvər verir ki, "Qəbələ"nin kapitanı Ruslan Abışovun vurduğu qol ölkə futbolunda 11.000-ci qol olub.

1992-ci ildə start götürən milli çempionatlarda bu qarşılaşmayadək 10.999 qol vurulmuşdu. Cari mövsümün startına qədər bu rəqəm 10.720, XXIX turdan əvvəl isə 10.992-yə bərabər idi. Qeyd edək ki, ölkə çempionatlarında 10.000-ci qol 865 gün əvvəl - 2012-ci il noyabrın 25-də vurulmuşdu. Topaz Premyer Liqasının 2012/13 mövsümünün XIV turunun “Bakı” - “Neftçi” oyununda Elvin Məmmədovun qonaqların qapısına vurduğu top ölkə futbol çempionatlarında 10.000-ci qol olmuşdu.

Premyer Liqanın son turunda qələbə topunun müəllifi olmaqla yanaşı, həm də Zaqatala təmsilçisinə qarşı uzunmüddətli uğursuzluq sindromunu qıran kapitan "Qəbələ İK"ya açıqlamasında qələbədən məmnun olduğunu bildirib: “Zaqatala təmsilçisi həm çempionat oyunlarında, həm də kubokda bizə qalib gəlmişdi. Ona görə də nə olursa-olsun, “Simurq”u məğlub etməli idik. Buna görə də, meydana böyük motivasiya ilə çıxmışdıq. Doğrudur, ilk hissədə istədiyimiz oyunu göstərə bilmədik. İkinci hissədə isə qol epizodlarımız çox oldu. Sadəcə, bunlardan lazımınca istifadə edə bilmədik. Əsas məsələ 3 xal idi ki, bunu da qazandıq. Amma hələ istənilən səviyyədə deyilik. Qriqorçuk çox tələbkardır. Onun tapşırıqlarını yerinə yetirmək üçün daha çox çalışmalıyıq. İnanıram ki, zaman keçdikcə hər şey daha yaxşı olacaq və uğurlu çıxışı növbəti oyunlarda da davam etdirəcəyik. Əsas məqsəd dəyişməyib - avrokuboklara vəsiqə qazanmaq. İmkan daxilində 3-cü yerə oynayacağıq”.

“Qəbələ” növbəti turda 3-cü pillənin sahibi “Neftçi” ilə qarşılaşacaq. Kapitan kimi uzun illər şərəfini qoruyan, heyətində çempionluq və kubok qazanmağın sevincini yaşayan Abışov keçmiş komandasıyla matçda şanslarını dəyərləndirib: “Əslində, qalan 6 oyunumuzun hamısı bizim üçün finala bərabər görüşlər olacaq. Buna görə də “Simurq”la matçı unutmuşuq və indi “Neftçi” ilə qarşıdakı sınağı düşünürük. Mən heç bir komandanı fərqləndirmək istəməzdim. Önəmli olan öz komandamız, onun durumudu. Bütün oyunlara maksimum nəticə qazanmaq üçün çıxsaq, hər şey bizim istəyimizə uyğun olacaq. Əsas məsələ buna inanmaqdı”.

Cari mövsümdən çıxış etdiyi “Qəbələ”də 4-cü qolu vuran Ruslan müdafiəçi olsa da, məhsuldarlığı ilə diqqət çəkir və uğurlu çıxışını təsadüfi saymır: “Maşallah, məhsuldar oynayıram. Bu, səbəbsiz deyil. Əvvəla, komanda yoldaşlarıma çox güvənirəm. Üstəlik, Qriqorçuk mənə çox inanır. Baş məşqçi futbolçuya güvənirsə, o, hər zaman uğurlu çıxış edəcək. Qriqorçukun mənə çox inanması mənə ruh yüksəkliyi verir. Deməzdim ki, uğurlu oyunum qış fasiləsindən sonra kapitanlığın mənə verilməsi ilə bağlıdı. Kapitanlığın elə də həvəsində deyiləm. Mənim üçün komanda yoldaşlarımın, baş məşqçinin, rəhbərliyin inamı daha vacibdi”.

Qol sayında kifayətlənmək fikrində olmayan Abışov məhsuldarlığını artırmağa çalışır. 28 yaşlı futbolçu qalan matçlarda da maksimum fərqlənməyə səy göstərəcəyini deyir: “Mənim üçün qol vurmaq yox, “Qəbələ”nin avrokuboklara düşməsi daha vacibdi. Qitəmiqayslı turnirə düşməyimiz həm də “Simurq”un kubokda çıxışından da asılı olacaq. Onun yarımfinalda rəqibi “Qarabağ”dı. Hər iki komandaya uğurlar arzulayıram. Ancaq avrokuboklara şansımız baxımından əlbəttə, “Qarabağ”a azarkeşlik edirik. Əslində, biz 4-cü yer yox, inşallah,“Neftçi”ni yenib, 3-cü pillə uğrunda mübarizə aparacağıq. Hətta ola bilər ki, 2-ci yerə də oynadıq. Hazırda bu pillədə yer alan “İnter” “Qəbələ”ni 7 xal qabaqlayır. Ancaq futbolda hər şey ola bilər. Qarşıda 6 oyunumuz var ki, bunlardan biri “İnter”lə ev matçıdı”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər