Rexviaşvili – cütlüyün son qurbanı

Rexviaşvili – cütlüyün son qurbanı

Çempionatın 6 turunun 5-də məğlub olan “İnter”in baş məşqçi Kaxaber Tsxadadzeni göndərməyəcəyi öncədən məlum idi. Maliyyə baxımından digər iddialılarla ayaqlaşa bilməyən “bankirlər”in çempionluğa oynamasının əsas səbəbkarı gürcü çalışdırıcıdısa, “yuxarılar” bolqar prezidentə “ona yaxşı yol arzula” əmri verməklə vəziyyəti düzəltmiş olmayacaqdı. 

Başqaları bir futbolçunun transferinə 300-400 min dollar pul xərcləməyi özünə rəva gördüyü təqdirdə, “ucuz xammal” axtarmaq məcburiyyətində qalan Kaxa “ikinci növ materiallar”dan yeni komanda qurmaq, pula şirnikib gedən levinlərin, niasselərin yerini doldurmaq haqda düşünməli idi. Ancaq əcnəbi baş məşqçinin bu yay etdiyi “bazarlıq” fıs çıxdı. Hələ ötən mövsüm yaxşı taktiki hazırlığın, nizamlı oyun üslubunun müəyyən müstəvidə duruş gətirdiyi, həlledici məqamlarda futbolçuların ustalıq səviyyəsi arasındakı fərqin həlledici olduğu üzə çıxmışdısa, cari "futbol ili"ndə Nikolovun məşhur "maliyyə feyr-pleyi" nəzəriyyəsinə söykənən siyasət alt-üst oldu. Vaqif Cavadovu nəzərə almasaq, qalan oyunçuların avrokubok və çempionat matçlarında böyük hədəflər uğrunda mübarizə aparan komandanı ağ günə çıxaracaq səviyyədə olmadıqlarını ortaya qoydular. Nə 35 yaşlı Aleksandr İaşvili ad-sanına uyğun futbol sərgilədi, nə də qalanları...

Əlbəttə, ictimai qınaqdan qaçmaq üçün “günahkar keçi” tapılmalı, Tsxadadze təmizə çıxarılmalı idi. Seleksiyaçı-məşqçi Aleksandr Rexviaşvilinin komandadan uzaqlaşdırılmasına başqa ad vermək olmaz.  Sadəcə, həmyerlisinin “qətlinə fərman verdirən” baş məşqçi bu yaxınlarda klubun saytına verdiyi müsahibədə dolayı yolla etiraf etdiyi kimi “Georgi Nikolayeviç, klubda bir gürcü artıqdı” deyib, vəssalam. Bundan sonra bolqar prezidentlə Tsxadadze bütün transferləri ikili məsləhətləşmələrdən sonra həyata keçirəcək. Hələlik isə, “fərsiz Rexviaşvilinin günahı üzündən” ağ-göy formanı geyən bacarıqsız oyunçularla yanvaradək dözmək lazımdı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər