Milli komandaların DÇ-2014-ün seçmə qrup mərhələsindəki oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasiləni dəyərləndirmək üçün Gürcüstana təlim-məşq toplanışına gedən "Simurq" artıq dünən səhər saatlarında Tiflisə çatıb. Fanat.az xəbər verir ki, ilk məşqinə də çıxan Zaqatala təmsilçisi, saatyarımdan artıq davam edən ilk hazırlıq prossesi isinmə hərəkətləri ilə başlayıb.
Komanda daha sonra fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında fiziki gücün artırılmasından hesablanmış təmrinləri yerinə yetirib. Üç qrupa bölünərək “kvadrat” oynadıqdan sonra, taktiki tapşırıqlardan ibarət ikitərəfli oyunla hazırlıq tamamlanıb.
Qapıçılar - Pavel Kapsa və Amil Ağacanov isə qapıçılarla işləyən məşqçi Emil Babayevin rəhbərliyi altında komandadan ayrı məşq edib.
Sentyabrın 10-na qədər qonşu ölkənin paytaxtında qalacaq “Simurq” bir yoldaşlıq görüşü keçirməyi nəzərdə tutub. Ardından vətənə qayıdacaq Gorgi Çixradzenin yetirmələri Topaz Premyer Liqasının VI turu çərçivəsində keçiriləcək “Sumqayıt”la oyunun hazırlıqlarına başlayacaq.
Fanat.az