Dünyanın ən yaxşı qapıçılarından biri olan İker Kasilyas La Liqanın iki turu geridə qalsa da, hələlik meydana çıxmayıb. Fanat.az xəbər verir ki, "Real"da Kriştiano Ronaldo (12 milyon avro) və Kakadan (10 milyon avro) ən çox maaş alan (6 milyon avro) futbolçu olan qolkiper hər iki matdç Dieqo Lopezin əvəzləyicisi olub.
Kasilyasın durumu İspaniya mətbuatının əsas müzakirə mövzularından biridi. "Qranada" matçından sonra onunla bağlı yazı hazırlayan "Marka" qəzeti vəziyyətin ciddiliyini qeyd edib. "Dieqo Lopez - 2, İker Kasilyas - 0" başlığı ilə yayımlanan xəbərdə baş məşqçi Karlo Ançelottinin Joze Mourinyo kimi qapıda Lopezə güvəndiyini, Kasilyasın artıq 7 aydı oynamadığını qeyd edilib.
"El Mundo Deportivo" qəzeti isə İngiltərənin "Arsenal" və "Mançester Siti" klublarının Kasilyasa təklif göndərməyə hazırlaşdığını yazıb. Qəzet yazır ki, 2017-ci ildədək "Real"la müqaviləsi olan 32 yaşlı qolkiper karyerası ərzində oynadığı yeganə klubu tərk etmək qərarı verəcəyi halda ingilislər onunla danışıqlara başlayacaq.
Mətbuat Kasilyasın DÇ-2014-də oynaya bilməsi üçün soyuq başla düşünərək "Real"ı tərk etməli olduğunu xüsusi qeyd edir.
Bu arada "Atletiko"nun baş məşqçisi Dieqo Simeone "Kasillası transfer etmək istəyirsinizmi" sualına cavab verib: "Hazırkı vəziyyətdə Kasilyası komandamda istəməzdim. Çünki Kourtois var və daha iki qapıçı onlara şans verilməini gözləyir".