Hələ DÇ-2014-ün seçmə mərhələsinin püşkü atılanda millinin əvvəlki nəticəsini yaxşılaşdırmaq şanslarını müzakirə etmiş, bu yöndə müəyyən fikirlər səsləndirmişdik. Əlbəttə, proqnozlar ehtimallar əsasında formalaşır. Reallıq budu ki, Berti Foqtsun komandası hazırda Rusiya, Portuqaliya, İsrail, Şimali İrlandiya və Lüksemburqla birgə yer aldığı qrupda sonuncudu.
“Cırtdanlar”la həmdərd yığma
Yığma yalnız qrupun aşkar favoritlərinə - Rusiya və Portuqaliyaya yenilib. Təmsilçimiz şimal qonşularımızla səfər qarşılaşmasında hakimin yanlış penalti qərarı sayəsində xalsız qaldısa, portəgizlər önündə hər iki görüşdə 1 hissə duruş gətirdi. Şübhəsiz, Kriştiano Ronaldolu kollektivdən qonaq qismində (0:3) və “doğma divarlar” arasında (0:2) alınan məğlubiyyətlər zamanı gec top buraxmağımızı xatırlatmaq ucuz təsəllidən başa bir şey deyil. Əvəzində qalan görüşlərdə “sülh”ə razılaşan komandamızın indiki vəziyyətə düşməsinin əsas səbəbi qabardılmalıdı: qələbəsizlik! Andorra, San Marino, Lixtenşteyn və Farer adaları kimi Foqtsun “drujina”sı da zəfərə həsrətdi. Ən azı Lüksemburqu öz meydanında üstələməyə borclu olanların minimum tapşırığın öhdəsindən gələ bilməməsi acı gerçəklikdi. İsraillə hər iki, britaniyalılarla Belfastdakı görüşlərdə qeydə alınan 1:1-lər qənaətbəxş hesablar sayılsa belə...
3-cü pillə əlçatmazdı
Yəhudilərin mütləq qələbə arzusunu sentyabrın 7-də gözündə qoyan yığmanın oktyabra qədər sonuncu pillədən qurtulduğunu düşünənlər çox idi. Lakin futbol oynaya bildiyini növbəti dəfə isbatlayan Lüksemburqun dünən Şimali İrlandiyanı evə əliboş yola salması (3:2) millinin “zirzəmi”yə düşməsini şərtləndirdi. Fabio Kapellonun komandasına Sankt-Peterburqda yalnız son dəqiqələrdə təsəlli qolu vurmağa gücü çatan (1:3) yəhudilərin ən 3-cü pilləni kiməsə verməyəcəyi dəqiqdi. Üstəlik, Eli Qutmanın yetirmələrinin nəzəri cəhətdən DÇ-nin final mərhələsinə qatılmaq şansı da var. Qalan 3 kollektiv isə öz aralarında yerdəyişmə edəcək. Kimin yekunda autsayder mövqeyində qalacağı oktyabrın 15-də üzə çıxacaq. Britaniya təmsilçisi və bacarıqlı “cırtdan”ın qarşıdakı matçlarını saf-çürük etmək daha məqsədəuyğundu. İlk 3 pillə əlçatmazdı.
Britaniyalıları yenməsək...
Hesabında 6 xal olan Şimali İrlandiyanı oktyabrın 11-də məğlubiyyətə uğratmaq ən yaxşı çıxış yoludu. Təbii, rəqib Bakıya ağ bayraq qaldırmağa gəlməyəcək. Ancaq ən zəiflər sırasından çıxmaq üçün atletik futbola bel bağlayan qonaqları vətəninə məyus yola salmalıyıq. Üzdüyü azarkeşlərin borcundan çıxmağı hədəfləyən İsrailin britaniyalılara sonrakı görüşdə güzəşt etməyəcəyini proqnozlaşdırmağa dəyər. Yəhudilər ən pis halda, “qapını möhkəm çırpmaq” üçün alışıb-yanacaq. Bu isə o deməkdi ki, Maykl Onilin çalışdırdığı kollektiv Azərbaycana uduzacağı təqdirdə, qrup sonunculuğuna doğru böyük addım atacaq. Foqtsun komandası oktyabrın birinci “döyüş”ündən üzüağ çıxmasa, işlər fırıqdı. Razılaşaq ki, bu duelin ardından prinsipial rəqib Rusiyanı udmaq çox çətin məsələdi.
Lüksemburq favoritlərin cəngindədi
Azərbaycandan 2, Şimali İrlandiyadan aldığı 4 xal sayəsində imicini yaxşılaşdıran Lüksemburq son oyunlarını favoritlərə qarşı keçirməsi bizimkilərə yeni fürsət yaradır. Evdə portəgizlərə çətin anlar yaşadan (1:2) lüksemburqluların Ruslardan xal qoparmaq ehtimalı azdı. Portuqaliya ilə səfər matçını isə kiçik ölkənin hünərli oyunçuları üçün turist gəzintisi adlandırmaq yerinə düşər.
Hər şey öz əlimizdədi
Xərclənən pullar, yaradılan şərait qarşılığında yığmanı müstəqillik dönəmində adət etdiyimiz yerdə görmək olduqca üzücüdü. Müsbət nəticələrə görə fantastik məbləğdə mükafat alan futbolçular son 1:1 reallığından çox yüksəkdə olan 40 min manata baxıb vicdanıyla dərdləşməsə, hərə öz ürəyinin dərinliyində qarşıdakı oyunlara köklənməsə, seçmə qrupu sözün əsl mənasında Lüksemburqun altında bitirəcəyik. Hədəf nə DÇ-yə vəsiqəni təmin etməkdi, nə də favoritlərdən sonrakı yeri tutmaq. Milidəkilər qrupun ən fərasətsizi olmadıqlarını isbatlamaq üçün bütün gücünü səfərbər etməlidi. Şimali İrlandiya ilə oyunun nəticəsinin Rusiya ilə görüşə təsirsiz ötüşməyəcəyi öncədən bəllidi.
NİHAT, “Futbol+”