21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilmiş və yığmamızın 0:1 hesablı məğlubiyyəti ilə başa çatmış Azərbaycan - Finlandiya oyunundan sonra komandamızın baş məşqçisi Yaşar Vahabzadə fikirlərini bildirib. Fanat.az xəbər verir ki, baş məşqçi bunları deyib:
"Ötən oyun böyükhesablı məğlubiyyətə uğradığımız üçün komandada psixoloji vəziyyət yaxşı deyildi. Futbolçularla istər fərdi, istərsə də komanda şəklində söhbətlər apardıq. Bugünkü oyun göstərdi ki, komandada qələbə istəyi var və futbolçular əzmlə mübarizə apardı. Bəlkə də oyun keyfiyyəti baxımından rəqibdən geri qaldıq. Bunun səbəbi xeyli sayda zədəli futbolçumuzun olmasıdı. Heyətdəki çətinliklərlə bağlı hücum planında istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Hətta bu oyunda start heyətinin heç bir futbolçusu əvəz olunmadı. Çünki hücumda daha yaxşı oynamağa ehtiyacımız olsa belə, ehtiyat oyunçular skamyasındakı futbolçuların hamısı müdafiəyəmeyilli oyunçular idi”.
Fanat.az