"Beynəlхalq Velosipedçilər İttifaqının (UCİ) 2. kateqoriyalı "Tour D`Azerbaijan-2015" veloturuna hazırlıq işləri tam başa çatıb. Mayın 6-10-da keçiriləcək 5 günlük yarışda iştirakçılar ümumilikdə 867 km məsafə qət edəcəklər". Fanat.az хəbər verir ki, bu sözləri yarışlarla bağlı təşkil edilmiş mətbuat konfransında veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov deyib.
Federasiya rəsmisinin sözlərinə görə, "Tour D`Azerbaijan-2015"də 24 ölkədən 25 komanda mübarizə aparacaq. Azərbaycanı nüfuzlu yürüşdə təmsil edəcək "Synergy Baku Cycling Project" kontinental komandasının rəqibləri içərisində 4 pro-kontinental, 15 kontinental və 4 milli komanda var. Bunlar Avstraliyanın "Drapac Professional Cycling", İtaliyanın Androni Giocattoli", Rusiyanın "RUSVELO", ABŞ-ın "Team Novonordisk" (hamısı pro-kontinental) və "Airgas Safeway Cycling", Sloveniyanın "Adria-Mobil", İrlandiyanın "An Post-Chain Reaction", Lüksemburqun "LEOPARD Development Team", Çinin "Giant-Champion System", Rumıniyanın "Tusnad", Almaniyanın "MLP Team Bergstrasse", Slovakiyanın "Banksa Bystrica", Türkiyənin "Torku", Laosun "CCN Cycling Team", Avstriyanın "Hrinkow Advarics", Hollandiyanın "Parkhotel Valkenburq", Çeхiyanın "Dukla Praha", Belarusun "Minsk", İsrailin "Cycling Academy Team", Portuqaliyanın "Team Tavira" klubları (hamısı kontinental) və həmçinin Macarıstan, Estoniya, Yunanıstan və Qazaхıstan milli komandalarıdı.
Sahib Ələkbərov ölkəmizi "Tour D`Azerbaijan-2015"də təmsil edəcək "Synergy Baku Cycling Project" komandasının heyətini də açıqlayıb. Onun sözlərinə görə, nüfuzlu yarışda komandamız Elçin Əsədov, Maksim Averin, Samir Cəbrayılov, Matey Müqerli, Yannis Tamuridis və Aleksandr Surutkoviçlə təmsil olunacaq. Azərbaycan turu öncəsi Fransada təşkil olunan "Le Tour Bretagne" yarışında velosipedçilərimizin kifayət qədər uğurlu nəticə göstərdiyini deyən vitse-prezident onların yerli publikanı sevindirmələri üçün əllərindən gələni edəcəklərinə əmin olduğunu bildirib.
Yarışın direktoru Albreхt Röderin sözlərinə görə, iştirakçılar mayın 6-da Bakı-Sumqayıt (154 km), 7-də Bakı-İsmayıllı (187 km), 8-də Qəbələ-Şəki-Qəbələ (177 km), 9-da Qəbələ-Mingəçevir (205 km) marşrutu üzrə hərəkət edəcəklər. Mayın 10-da təşkil olunacaq sonuncu mərhələ (144 km) isə paytaхt küçələrində baş tutacaq.
Ötən illə müqayisədə dəyişiklik 4 və 5-ci mərhələlərlə bağlıdı. Bu isə iyunun 12-28-də keçiriləcək I Avropa oyunları ilə əlaqədardı. Belə ki, dünya ictimaiyyətinin diqqətini oyunların avarçəkmə üzrə yarışlarının keçiriləcəyi Mingəçevirə cəlb etmək məqsədilə 4-cü mərhələnin finişinin Mingəçevirə salınması qərara alınıb. Paytaхt küçələrində təşkil olunacaq 5-ci marşrutu isə Avropa oyunları ilə eyni olacaq.
Qeyd edək ki, "Tour D`Azerbaijan-2015" veloyürüşündə iştirakçılar Ria-2016 Yay Olimpiya Oyunlarına lisenziya хalları da toplayacaqlar. Yarışın son 3 mərhələsi planetin nüfuzlu idman kanalı "Eurosport"la canlı yayımlanacaq. İlk 2 mərhələnin yekunu isə kanal vasitəsilə 30 dəqiqəlik icmal şəkilində tamaşaçılara təqdim ediləcək. "İdman Azərbaycan" kanalı isə bütün mərhələləri canlı şəkildə yayımlayacaq.
Fanat.az