Qurbanov üçün "qırmızı işıq"!- Diqqət

Qurbanov üçün "qırmızı işıq"!- Diqqət

Xorvatiya və Malta ilə oyunlar öncəsi Robert Prosineçki milli komandaya maksimum sayda "milliləşdirilmiş” futbolçu çağırmaqla həm azarkeşlərin, həm də idman mətbuatının ciddi narazılığına səbəb oldu.

Bu seçimin geniş ictimai rezonans doğurduğunu görən başbilənlər əllərindəki təbliğat vasitələrini işə saldılar, tənqidlərdən yayınmağa çalışdılar. "Sumqayıt”dan "Neftçi”yə transfer olunan iki dağıstanlı hücumçudan biri Ruslan Qurbanovun kövrək notlarla zəngin müsahibəsi yayımlanması da həmin planın tərkib hissəsi idi . Onun dilindən yayılan müsahibədə vurğulanırdı ki, Ruslan Azərbaycanı öz vətənni kimi sevir, bura gələnə qədər çörək almağa belə pul tapmadığını, burda xoş günlər yaşadığını unutmur. Ürəyi yumşaq adamlar bu sözləri oxuyandan sonra göz yaşlarını sel kimi axıdırdılar. İlk baxışdan təsirlənməmək mümkün də deyildi. Bir kəs ki, bizim ölkəmizi belə qiymətləndirir, burda "bir parça çörək tapdığını” dilə gətirir, qoy başını aşağı salsın, Allahın verdiyi ruzisini qazanmağa davam etsin. 

Amma bu yaxınlarda məlum oldu ki, Ruslan içkili vəziyyətdə sükan arxasına əyləşdiyi üçün yol polisi tərəfindən saxlanılıb, onun maşını cərimə meydançasına aparılıb. Yenə də Qurbanovu mətbuata çıxartdılar və bu dəfə üzrü günahından betər açıqlama oxuduq. Ruslan iddia edirdi ki, fikirli olduğu üçün "qırmızı işıq”da maşını  saxlamayıb, ona görə də polis əməkdaşları onu durdurub. Həmkarlarımız araşdırma apardılar, qanunları ortaya qoydular. Məlum oldu ki, "qırmızı işıq”da yolayrıcın keçməyə görə sürücü cərimə olunur, amma maşın cərimə meydançasına aparılmır. Qurbanov eləmədi tənbəllik, bu dəfə yeni bir bəhanə uydurdu: "Əvvəlki sahibinin ödənməmiş cəriməsi olduğu üçün maşını cərimə meydançasına aparmışdılar”. Necə deyərlər, bu dünyada yalandan kim ölmüş ki? Deyəsən, "Sumqayıt”ın əcnəbi idman direktorunun maşınla adam vurmasının ört-basdır edilməsi onu da ürəkləndirib. Lap tutaq ki, içkili olmadan "qırmızı işığ”ı görməyib. Normal adam işıqforun hansı işığının yanmasını niyə görməsin? Bəlkə dağıstanlı futbolçu qadağan olunmuş siqnalda hərəkəti davam etdirməklə kiminsə həyatına son qoyacaqdı. Buna görə kim cavab verəcəkdi? Həyatını itirən günahsız insanı geri qaytarmaq mümkün olacaqdımı?

Deyəsən, həmin "qırmızı işıq” hadisəsi Ruslana dərs olmayıb. 5-6 metrədən boş qapını "nişan” ala bilməyən Qurbanov indi də sosial şəbəkələrdə fəallaşıb. Özündən yaşca böyük-kiçik demədən hamının başına ağıl qoymağa, çıxış etdiyi klubun keçmiş sirrləriylə sabiq komanda yoldaşlarını hədələməyə çalışır. 

Sözüm "Neftçi” rəhbərliyinə və Ruslanın AFFA-dakı himayədarlarınadı. "Fövqəladə istedada" malik futbolçunuzu sakitləşdirin. Ona başa salın ki, Bakıya futbol oynamağa, bacarığını meydanda göstərməyə gətirilib. Daha Bakı küçələrində "avtoş”luq edib, sosial şəbəkələrdə gurultulu bəyanatlar verməsin. Yoxsa, növbəti "qırmızı işıq” böyük faciələrə səbəb ola bilər. //sport7.az

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər