"Açıq deyirəm, yığmaya çağırılacağımı gözləyirdim. Mənim üçün əsas olan heyətdə möhkəmlənməkdi". Fanat.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət millimizə dəvət alan "Kəpəz"in futbolçusu Budaq Nəsirov deyib.
Futbolçu azarkeşləri sevindirməyə çalışacaqlarını bildirib: "Buna kimi aşağı yaş qrupları üzrə komandalara çağırılmışdım. U-21-ə seçilməyim xoşdu. Azarkeşlərə qələbə sözü veririk. Çalışacağıq ki, oyunlardan maksimum xallarla ayrılaq. Bizi çətin oyunlar gözləyir. İnşallah, layiqli nəticə qazanıb hamını sevindirərik".
Gənc yarımmüdafiəçi yığmaya dəvət olunmasında “Kəpəz” və baş məşqçi amilini qabardıb: “Yığmaya çağırılmağıma səbəb “Kəpəz”də daimi oynamağım, start heyətində meydana çıxmağımdı. Xüsusən də, baş məşqçimiz Şahin Diniyevin üzərimdə əməyi böyükdü. O, mənə inandı, əsas heyətdə oynatdı. Oyunuma mükafat da yığmaya dəvət olunmağımdır. Verilən şansdan yararlanıb, bəslənilən ümidləri doğrultmaq əsas məqsədimdir. Hədəflərimdən biri də əsas millidə çıxış etməkdi. Bu da zamanla reallaşacaq”.
Qeyd edək ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində yığmamız “Dalğa Arena”da sentyabrın 4-də Avstriya, sentyabrın 8-də isə Almaniya yığması ilə qarşılaşacaq. Bu oyunlara hazırlıq məqsədilə avqustun 26-dan komanda Bakıda təlim-məşq toplanışına başlayıb.
Fanat.az