"Bu gün komandamdan gözlədiyim oyunu görə bildim. Futbolçulardan razıyam. Qələbə qazansaq da, "Anderlext" çox güclü komandadı. Bu rəqib son dövrlər qarşılaşdığımız ən güclü rəqib idi. Vacib üç xal qazandıq". Fanat.az xəbər verir ki, bu sözləri "Anderlext"lə oyundan sonra "Qarabağ"ın baş məqşçisi Qurban Qurbanov deyib.
Qurbanov 1:0 hesablı qələbə qazandıqları oyunu dəyərləndirib: "Dünən də sonadək mübarizə aparacağımızı düşünürdüm. Hər bir oyunçudan razı qaldım. Rəqibin heç bir nöqsanı yox idi. Çox sürətli oynayırdılar. Qrupumuzda bütün rəqiblər bir-birindən güclüdülər. Dünən suallardan da hiss edirdim ki, siz də həyəcanlısız. Hamını sevindirdiyimiz üçün xoşbəxtik".
"Biz ilk növbədə öz oyunumuzu göstərmək üçün rəqibin qarşısını almalıydıq. “Anderlext”in futbolçuları çox sürətli idilər. Pressinqi daha çox meydanın mərkəzində fikirləşmişdik. Futbolçularımız çox güc sərf etdilər. Rəqib ikinci hissədə daha çox hücum etdi. Bu bir tərəfdən bizim xeyrimizə oldu. Uzun ötürmələrdən istifadə etməyə başladılar, xüsusilə Okakanı hücuma qoşurdular. Amma biz buna hazır idik. Belə balanslaşdırılmış komanda nadir hallarda olur. Dünən də demişdim ki, “Anderlext”də seleksiya işi yaxşı aparılır. Çox şükür ki, düşüncələrimiz tam olmasa da, həyata keçdi", deyə baş məşqçi əlavə edib.
"Qarabağ"ın baş məşqçisi "Şehiçə özünü yığışdırmağı tapşıracaqsınızmı" sualına belə cavab verib: "Şehiçin üzərinə çox gedilir. Belədə istənilən adam öz istedadını itirər. Şehiçin bəzi oyunlarda qələbə qazanmaqda böyük rolu olub. Kimdə səhv olmur ki? Bu mövzuya bir də qayıtmayaq. Çünki qarşıda vacib oyunlarımız var, Şehiçə güvənmək lazımdı.Yetərincə potensialı var. Ümumən yaxşı qapıçıdı. Hər birimiz ona güvənməliyik".
Fanat.az