"Fransada türklərə azarkeşlik edəcəyəm"

"Fransada türklərə azarkeşlik edəcəyəm"
"Kayrat"da ehtiyat oyunçu olan İslambəy Kuat 3 aya Qazaxıstanın ən sürətli inkişaf edən oyunçusuna çevrilib. Oktyabrın 14-ü səhər isə bu yarımmüdafiəçi ulduza çevrilib. Təkcə Qazaxıstan futbolu üçün yox, həm də Türkiyə futbolu üçün. 22 yaşlı oyunçunun Latviya ilə səfər matçında dəqiq zərbəsi qazaxlara Avropa çempionatının seçmə mərhələsində yeganə qələbəni qazandırıb. Bu qələbə sayəsində Türkiyə millisi də qrupu III pillədə bitirən komandalardan ən yaxşısı kimi Avropa çempionatına birbaşa vəsiqə qazanıb.
Fanat.az xəbər verir ki, Kuat UEFA-nın saytına danışıb.
O, Türkiyədə çox populyar insana çevrildiyini bildirib: "Mənə Türkiyədən azarkeşlər zəng edirdilər. Bilmirəm, onlar hardan mənim nömrəmi öyrənmişdilər. Məni İstanbula dəvət etdilər, şəhəri göstərmək və məni razı salmaq istəyirdilər. Çempionatda sıx qrafik olduğundan bundan imtina etdim. Bu bir az mənə qəribə gəldi, təbii ki. Onlar sevməyi və pərəstiş etməyi bacaran xalqdır. Futbol onların ehtirasıdır. Onlar mənə elə təşəkkür edirdilər ki, elə bil ki, mən tək Latviyanı məğlub etmişəm. Ümumiyyətlə, biz meydana Türkiyəyə kömək məqsədilə çıxmamışdıq. Sadəcə qrupda V yeri tutmaq istəyirdik. Ancaq gizlətmirəm ki, Fransada türklərə azarkeşlik edəcəyəm. Onlar mənə çox istiqanlı yanaşırlar. Mənə hələ ki Türkiyədən təklif gəlməyib. "Kayrat"da hələ çox çalışmağım lazımdır".
Qeyd edək ki, Türkiyə yığmasının azarkeşləri Kuatın şərəfinə İstanbulda və ya Ankarada küçə adlanmasını təklif ediblər. Bəziləri isə sosial şəbəkələrdə öz uşaqlarına Qazaxıstan futbolçusunun adını qoymağa hazır olduqlarını bildiriblər. Ümumiyyətlə, "Kuat" sözünün mənasının türkcə "qüvvət" demək olduğunu da bildirək.
Xatırladaq ki, mərkəz yarımmüdafiəçisi olan İslambəy Kuat avrokuboklarda "Kayrat"la "Srvena Zvezda" və "Bordo"ya, Qazaxıstan millisi ilə Latviya ilə bərabər Hollandiyaya da qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər