Uelsın Flintşire şəhərində təşkil olunmuş Avropa çempionatının ilkin seçmə mərhələsində keçirdiyi bütün oyunları qələbə ilə başa vuraraq növbəti mərhələyə qrup lideri kimi vəsiqə qazanmış 19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası bu gün Bakıya qayıdıb.
Fanat.az xəbər verir ki, hava limanında yığmamızı futbol ictimaiyyətinin nümayəndələri, azarkeşlər və mətbuat təmsilçiləri qarşılayıb. Millinin bir neçə üzvü fikirlərini affa.az saytına bildirib:
Nigar Cəlilli: “Ən çətin oyunlarımızı keçirdik. Həm də məsuliyyətimiz böyük idi. Çox çalışırdıq, nəhayət, bu dəfə məqsədimizə nail olduq. Qazandığımız nəticəyə görə çox şadıq. Bu münasibətlə komanda yoldaşlarımı, bizi dəstəkləyən hər kəsi təbrik edirəm. Əziyyəti olanlara, hava limanına millini qarşılamağa gələnlərə təşəkkürümüzü bildiririk. Qrup mərhələsi çərçivəsində 3 oyun keçirdik. Ən çətin oyunumuz Belçika millisi ilə oldu. Çünki onlar qrupun ən güclü komandası hesab edilirdilər”.
Aysun Əliyeva: “Qrup mərhələsi bizim üçün çox vacib idi. Oyunların çətin keçməyinə baxmayaraq, ölkəmizi layiqincə təmsil edə bildik. Üç oyundan maksimum xal toplamaqla ilkin seçmə mərhələni birinci pillədə başa vurduq. Elit-raunda yüksəldiyimizə görə çox sevinirik. Çalışacağıq ki, apreldə keçiriləcək elit-raund mərhələsində də ölkəmizi layiqincə təmsil edək. Oyunlar arasında ən yaddaqalanı Belçika yığması ilə qarşılaşma oldu. Rəqibimiz güclü komanda idi. Ona görə qarşılaşma çətin keçdi. Böyükhesablı qələbə qazansaq da, ən çətin oyunumuz onlara qarşı oldu. Əslində, üç oyunun hamısında qələbə qazanacağımızı gözləmirdik. Ancaq başlanğıc uğurlu alındı və bundan sonra komandada özünəinam yarandı. Nəticə isə göz qabağındadır. Bizi elit-raundda çətin sınaq gözləyir. Komanda yoldaşlarıma inanıram”.
Süsən Mənsimova: “Oyunları yüksək səviyyədə keçirdik. Qadın futbolu tarixində bəlkə də ən uğurlu ilimizi yaşayırıq. İndiyə qədər belə bir uğur əldə etməmişdik. Bunun davamını elit-raundda da gətirməyə çalışacağıq. Bu nəticə komandada özünəinamı artırdı. İlk oyunda qazanılan qələbə bizi həvəsləndirdi. Daha sonra həmin uğurun davamını gətirdik. Qazandığımız nəticələrdə AFFA-nın dəstəyi bizə çox kömək etdi. Bu dəstəyə, yaradılan şəraitə görə assosiasiya rəhbərliyinə təşəkkürümüzü bildiririk”.
Qeyd edək ki, futbolçularımız ilkin seçmə mərhələnin ilk oyununda Uels yığmasına 4:1, ikinci qarşılaşmada Belçika komandasına 3:0, son matçda isə Xorvatiya yığmasına 2:1 hesabı ilə qalib gəlmişdi.
Fanat.az