"Baku Fires" - "Mexico Guerreros": heyətlər açıqlandı

"Baku Fires" - "Mexico Guerreros": heyətlər açıqlandı

Mayın 6-ı və 7-də Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 1/4 final mərhələsinin görüşləri keçiriləcək. Fanat.az xəbər verir ki, Azərbaycanı bu yarışda təmsil edən “Baku Fires” A qrupunda 3-cü yeri tutan “Mexico Guerreros” klubu ilə qarşılaşacaq.  

İlk yarış günündə çəkisi 49, 56, 64,  75, 91 kq olan boksçular rinqə çıxacaq. Mayın 7-də isə digər çəki dərəcələrində çıxış edən idmançılar güclərini sınayacaq.         

Komandaların heyətləri artıq məlumdu:

Baku Fires - Mexico Guerreros

49 kq. Rəsul Saliyev - Jozelito Velaskes Altimirano       

56 kq. Yaraş  Maqomedov - Alfredo Çirno Sançes      

64 kq. Zaur Abdullayev - Raul Kuriel Qarsiya         

75 kq. Jaba Xositaşvili - Rodrigez Olivas         

91 kq. Leonid Çernobayev - Kastillyo Torres     

Məşqçilər korpusu Olimpiya oyunlarına lisenziya uğrunda mübarizənin başa çatdığını nəzərə alaraq, ehtiyat qüvvəyə şans verib. Bu görüşdə komandamızın heyətində üç boksçu - Yaraş Maqomedov, Zaur Abdullayev və Leonid Çernobayev debüt edəcək. 

Meksika klubu isə “Baku Fires”lə görüşə güclü heyətlə çıxacaq. 49 kq çəki dərəcəsində döyüşəcək Velazkes Altimirano fərdi reytinqdə 3-cü yeri tutaraq, son anda Rio De Janeyro Olimpiadasından kənarda qalıb. O, cari mövsümdə 6 qələbə qazanıb, 1 dəfə məğlub olub. 

64 kq çəki dərəcəsində Zaur Abdullayevi də çətin görüş gözləyir. Boksçumuz Rio Olimpiadasına vəsiqə qazanan Raul Kuriel Qarsiya ilə üz-üzə gələcək. Meksika boksçusu bu mövsüm 6 görüşdə qalib gəlib, birində məğlub olub. 

Xositaşvili və Çernobayevin rəqibləri  elə də yaxşı təsir bağışlamadıqlarından hər iki boksçumuzun qələbə şansları yüksək qiymətləndirilir. 

Qeyd edək ki, bu cütdə qələbə qazanan komanda yarımfinalda liqanın son qalibi “Cuba Domaderos”la görüşəcək və hər iki qarşılaşma rəqib meydanında olacaq. 

Digər 1/4 finalda isə Rusiya boksçuları “İtalia Thunder”lə üz-üzə gələcək. 

"Baku Fires" - "Mexico Guerreros": heyətlər açıqlandı

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər