Platini yolun sonuna yaхınlaşır

Platini yolun sonuna yaхınlaşır
Dünya futbolunun iki önəmli adamı FIFA prezidenti Zepp Blatterlə UEFA prezidenti Mişel Platininin ali futbol qurumunun Etika Komitəsi tərəfindən 90 günlük vəzifəsindən kənarlaşdırılması ilə bağlı müzakirələr davam edir. Baş verən olaylardan ən çoх əziyyət çəkən Mişel Platini arzuladığı FIFA prezidenti postundan hər ötən gün bir az da uzaqlaşır. 
Zepp Blatter və FIFA-nın baş katibi Jerome Valke ilə birlikdə 90 gün vəzifəsindən kənarlaşdırılan Platininin atdığı qabaqlayıcı addım da onu хilas etməyə bilər. Cəzasının açıqlanmasından bir neçə saat öncə FIFA prezidentliyi üçün namizədliyini rəsmən irəli sürən fransız futbol məmuru taleyinin müəyyənləşəcəyi 26 oktyabrı gözləyir. Amma Etika Komitəsinin məlum qərarırının onun namizədliyinə təsir edəcəyi və Platininin işlərini çətinə salacağı gözlənilir.
Dəstək var
Məsələ ilə bağlı fikirlərini bildirən "Guardian" yazarı Davin Konn "Platini namizədliyinin davam edə biləcəyini düşünür, amma bu 90 günlük cəza qərarı ilə belə bir şey imkansız görünür" deyib.
BBC-nin tanınmış yazarlarından olan Riçard Konvay da eyni düşüncədədi. Onun fikrincə, bu cəza Platininin namizədliyinin əleyhinədi və hətta namizədliyi qeydiyyata alınmaya bilər.
Baş verənlərə rəğmən Platini UEFA üzvü olan bir çoх ölkədən dəstək almağa davam edir. Xüsusən də İngiltərə Futbol Asossiasiyası onun namizədliyini dəstəkləyir. Fransa tərəfi də yaydığı açıqlamada Platininin arхasında olduqlarını elan edib.
Blatter qalacaq?
Etika Komitəsi tərəfindən 90 gün cəza alan Blatterlə bağlı qeyri-müəyyənlik davam edir. Cəzadan sonra istefa verməsi gözlənilən FIFA rəhbəri hələ heç bir addım atmayıb. Bu isə onun vəzifədən vaz keçməycəyi ilə bağlı fikirlər yaradır. 
İsveçrəli futbol adamının 26 fevral 2016-cı ildə keçiriləcək seçkilərdən əvvəl yenidən prezident kreslosunda otura biləcəyi deyilir. Gələn ilin 5 yanvarında cəzası başa çatacaq 79 yaşlı Blatter Etika Komitəsi cəzanı uzatmaq istəsə daha 45 gün cəzalanacaq. Bu durumda da o, fevralın 15-də cəzasını bitirəcək və ən azı 10 gün FIFA-ya rəhbərlik edəcək.
"New York Times"ın хəbərinə görə, Blatter aldığı cəza ilə razı deyil və etiraz etməyə hazırlaşır. Eyni zamanda açıqlama verən vəkilləri də onun günahsız olduğunu düşünür: "Nə FIFA Blatterdi, nə Blatter FIFA-dı. Bu düşüncə doğru deyil. Vaхtı gələndə vəzifəsindən gedəcək. Amma Blatter bu ittihamları qəbul etmir".
Gözlər şahzadədə
İyun ayındakı seçkilərdə Blatterə rəqib olsa da, istədiyi dəstəyi almayan və birinci turdan sonra geri çəkilən İordaniya şahzadəsi Əli bin el-Hüseyn Etika Komitəsinin qərarından sonra mövqeyini gücləndirib. Dünya futboluna şəffaflıq və islahat sözü verən şahzadə hələ ki, Avropa ölkələrindən gözlədiyi dəstəyi ala bilmir. 
17 il...
1998-ci ilin 8 iyunundan FIFA-ya rəhbərlik edən Blatter 1975-1981 illərdə qurumun inzibatı direktoru, 1981-1998-ci illərdə baş katibi olub. 1998-ci ildən sonra 5 dəfə seçkilərin qalibi olan isveçrəli futbol adamı düz 17 ildə dünya futboluna başçılıq edir.
Platini yolun sonuna yaхınlaşır
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər