Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) ümumrespublika radio yayımı üçün, “CBC Sport” MMC-nin ümumrespublika idman televiziya kanalının yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətlərinə baxılıb.
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 7, 15.1-ci maddələrinin tələblərinə uyğun olaraq dövlət yayımçısı kimi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün, “CBC Sport” MMC-yə 37 MHs tezliyində ümumrespublika idman televiziya kanalının yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib.
Qeyd edək ki, CBC hələ ki Azərbaycan Premyer Liqasının və 21 yaşadək millimizin oyunlarını internet vasitəsilə yayımlayır. "CBC Sport"un yaranması ilə Bakıda yayımlanacaq telekanalların sayı 10-a çatıb.
Fanat.az