İdman mərc oyunlarından əldə olunan gəlirlərin vergiyə cəlb olunması büdcədə artıma gətirib çıxaracaq.
Bu sözləri axar.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. O bildirib ki, mərc oyunlarının vergiyə cəlb olunması dünyada təcrübəsində çoxdan var: “Bu sahədən əldə edilən gəlirlərin vergiyə cəlb olunması büdcəyə daxilolmaları artıracaq. Eyni zamanda nəzərə alaq ki, mərc oyunlarında əldə olunan gəlirlər daha zəhmətsiz gəlirlərdir. Mən təklif edərdim ki, bu sahə daha yüksək faiz dərəcələri ilə vergiyə cəlb olunsun. Digər tərəfdən qeyri-neft sektorundan gələn gəlirlərin və sosial xərclərinin artımına gətirib çıxaracaq”.
R.Həsənov qeyd edib ki, bu prosesdən xeyir götürən vətəndaşlar olacaq: “Əldə edilən gəlirlərin əhali arasında bərabər bölüşdürülməsi prinsipi baxımından məntiqli üsuldur. Onu da qeyd edim ki, Azərbaycanda bazar prinsiplərinin şərtlərini götürsək, mümkündür ki, növbəti dövrlərdə bu mərc oyunlarının əhatə etdiyi sferalar böyüsün. Növbəti dövrlərdə büdcəyə daxilolmaların həcminə daha müsbət təsir göstərsin”.
Qeyd edək ki, hazırda Azərbaycanda idman mərc oyunlarından əldə edilən gəlirlər vergidən azaddır. Milli Məclisdə müzakirə olunan “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə əsasən, bu oyunlar 2016-cı ildən 10% dərəcəsi ilə vergiyə cəlb edilməlidir.
Fanat.az