Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri Premyer Liqanın VI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Kəpəz"lə oyunun 86-cı dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan "İnter"in futbolçusu Dieqo Martins 1 oyunluq cəzalandırılıb, klub 200 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra "Kəpəz"in məşqçisi Xaliq Mərdanov hakimi təhqir edib. Buna görə ona 5 oyunluq cəza, kluba 5000 manat cərimə kəsilib. "Kəpəz" həmçinin 4 futbolçusu sarı vərəqə aldığına görə 1000 manat ödəyəcək.
"Neftçi" ilə oyunun 62-ci və 89-cu dəqiqəsində "Qarabağ" azarkeşləri meydançaya kənar əşya atıb, 90+3-cü dəqiqəsində pirotexniki vasitələrdən istifadə edib. Bu səbəbdən Ağdam klubu 3000 manat cərimə edilib. "Neftçi" isə 5 futbolçusu sarı vərəqə aldığından 1000 manat cərimələnib.
AZAL-la oyun başa çatdıqdan sonra "Sumqayıt"ın məşqçisi Mübariz Orucov hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyunluq cəzalandırılıb, klub 5000 manat cərimə olunub. "Gənclik şəhəri" təmsilçisinin futbolçusu Bəxtiyar Həsənalızadə oyunun 62-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib. "Sumqayıt" həmçinin 5 futbolçusu sarı vərəqə aldığı üçün 1000 manat ödəmli olacaq.
Fanat.az