Əli Sahib
Son günlərdə baş verənlər hər kəsin iç üzünü ortaya qoydu. Başımıza gələn faciə nitqimizi qurutdu, ürəyimizi dağladı, 2015-in təqviminə qara gün kimi düşdü. Bu faciəyə həqiqətən ağlayanlar, həqiqətən ağlamayanlar, həqiqətən rola girənlər, özünü və şirkətini reklam edənlər, pusuda durub şikarını gözləyənlərin qurbanının üzərinə bir həmləlik hücumu kimi də yadda qaldı. Nələr görmədik bu günlərdə...
Onu da gördük ki, ictimaiyyətin gündəmindən istifadə edib saman altından su yeridənlər də var. “Neftçi”nin vitse-prezidenti Elnur Məmmədovu deyirəm e. Uzun illər bu klubda çalışmış, özünün dediyi kimi 3 klub prezidenti, 12 baş məşqçi görmüş klubun operatoru Dadaş Zeynalovu vəzifəsindən azad edib. Nolar ki, olsun. Bəli, rəhbər şəxs tabeçiliyində olan hər bir kəsin vəzifəsini artıra da bilər və yaxud əksinə, azad da edə bilər. Amma necə? Səbəb olmalıdı, səbəb. Səbəb var, gülməli...
Elnur Məmmədovun “Neftçi”yə vitse-prezident gəldiyi dövrdən bu günə qədər havadarları ilə birlikdə klubun ictimai, iqtisadi, siyasi, mənəvi, ənənəvi, musəvi, kütləvi imicini formalaşdırmaq üçün strateji planını mərhələli şəkildə həyata keçirir. Dadaş Zeynalov da klub iqtisadiyyatına qurban gedib.
Mister Məmmədov deyib ki, Dadaş, hər oyuna kənardan operator gətirmək sərfəlidi, nəinki klubda operator saxlamaq. Günümüzə bax ey... İllərin peşəkarını yolla, toylarda Rəqsanənin sinəsini çəkəni gətir ki, futbolçuların dalını çəksin. Sizi qınamıram, Elnur bəy, futboldan qavradığınız bu qədərdi.
"Ördək qaz yerişi yeriyə bilməz" deyib atalar. Sizdən peşəkar marketoloq, həkim, aktyor, model və s. ola bilərdi, amma futbol fuksioneri əsla.
Tərəfdarı deyiləm ki, Dadaş hər açıqlamasında Qarabağ veteranı olduğunu Elnur Məmmədova xatırlatsın. Guya bilmirlər ki? Bilib neylədilər? Filankəsin Qarabağ veteranı olduğunu bilmək yox, dərk etmək lazımdı. Onu dərk etmək lazımdı ki, həmin veteranların hesabına indi sən topa “myaçik” deyirsən. Düzdü, sizin 13 yaşınız olanda bu savaş baş verib. Onu da demisiz ki, indi yaşımız düşür, müharibə olsa bu səfər biz gedəcəyik. Bilmək olmaz!
Heç kəs Elnur Məmmədovu məcbur edə bilməz ki, Qarabağ veteranını futbol klubunda işlə təmin et. Bu, peşəkarlıq deyil. Amma, peşəkar operatoru işdən azad edib, hər oyuna muzdlu operator gətirmək də peşəkarlıq deyil. Və, ən əsası azad etdiyiniz peşəkar Qarabağ veteranıdısa, bunun adını özünüz deyin.
Absurd bilirsiz nədi? Aylıq 700-1000 manata operator saxlamaq sərf etmir deyib, Flavinyo kimilərə 30-40 min dollar hər ayına verməkdi.
Bilirsiz, vətənini, xalqını, millətini sevmək o demək deyil ki, mütləq sadaladığımların uğrunda döyüşəsən. İşinin peşəkarı olmaq, insanlara hörmətlə yanaşmaq, küçələri zibilləməmək, küçəyə tüpürməmək, insanların fədakarlığını qiymətləndirmək (söhbət maddiyyatdan getmir) və s. Əslində vətənpərvərlik dərsi keçmirəm, amma bilirəm ki, bunları sizə deyən olmayıb.
Bilmirəm əsgərlikdə olmusuz, ya yox? Olmasınızsa, olanlardan soruşun ki, adi bir 7x62 və ya 5x45 mərmisi dövlətə neçə dollara başa gəlir. Bir də fikirləşin ki, Dadaş Zeynalovun nə qədər ölüm - güllə - yanından keçib. Düşünürsüz ki, erməni dadaşlar üçün nə qədər dollar xərcləyib? Bəs siz nə etdiz? Onun haqq etdiyini Bakının küçələrində heyvan siqnallı, səsboğucusu tank səsi verən, səkilərdə insan tapdalayan ağzı əmzikli “vətənpərvər”lərə verirsiz. Bir maraqlanın verdiyiniz pullardan neçə futbolçunuz hərbi bilet alıb. “Müharibə olsa bu səfər biz gedəcəyik” demək lazım deyil, rəhbərlik etdiyiz klubda xalq, millət, dövlət sevgisi aşılamağınızdan danışın.
Dadaş Azərbaycan əsgəri olub. Dadaşlar bunu təmənnasız edib. İndi bizim onların "botinka"larına baxıb kövrələn, düşünən vaxtımızdı.
Bilmirəm anladız, ya yox...