"Qalatasaray"ın futbolçularının Fatih Terimlə bağlı vida mesajları davam edir. Fanat.az xəbər verir ki, "İmperator"un istefaya göndərilməsinin səbəbkarlarından biri olaraq göstərilən Uesli Sneyder də mesaj yayımlayıb.
Qeyd edək ki, Sneyderin birinci hissəsində əvəzləndiyi "Mersin İdman Yurdu" matçından sonra klub prezidenti Ünal Aysala zəng edərək narazılıq etdiyi və "ya mən, ya o komandada qalacaq" dediyi bildirilir.
Holland futbolçu bu gün "Twitter"dən Fatih Terim üçün türk dilində mesaj yayımlayıb: "Fatih Terimlə çalışmaq böyük şərəf və zövq idi. Ona hər şey üçün təşəkkür edirəm. Klub və azarkeşlər üçün ürəyimi verməyə davam edəcəm".
Bu arada iki il "Qalatasaray"ın formasını geyinən və uzun müddətli zədədən sonra mövsümün əvvəlində Çexiyanın "Sparta" klubuna keçən Tomas Uyfaluşi də Terimlə bağlı türk dilində mesaj yayıb: "Fatih Terimlə çalışmaq, ilk ilimdəki anlamlı çempionluq həyatım boyunca unutmayacağım xatirələrdi. Onunla çalışmaq xüsusi bir imtiyaz idi. Ümid edirəm ki, gələcəkdə yenidən bu fürsəti qazanaram. Yeni işində uğurlar arzulayıram".