Qurban Qurbanovdan çempionluq şərhi

Qurban Qurbanovdan çempionluq şərhi
Azərbaycan Premyer Liqasının 32ci turunda "Zirə"ni 2:0 hesabı ilə məğlub edə "Qarabağ" sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib. Fanat.az xəbər verir ki, qarşılaşmadan sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanov çempionluğunu şərh edib.
"Qələbə yaxşı oyunla gələndə daha şirin olur. Məncə, bu gün yaxşı oyun göstərdik. Futbolçuların hər birini təbrik edirəm. Ardıcıl üçüncü il çempion olduq. Bu çempionluq münasibəti ilə bütün qarabağlıları təbrik edirəm. Əsgərlərimizə "sağ ol" deyirəm ki, torpaqlarımızı qoruyurlar. Səhv etmirəmsə, bu, "Zirə"nin evdəki ilk məğlubiyyəti idi. Çempionluq öz yerində, daha çox oyundan həzz aldım".
- Bu mövsümdə sizin üçün ən çətin oyun hansı oldu? 
- Hər oyun bizim üçün çətin idi. Məsuliyyət çox idi. Çempionluğa oynadığımızdan, futbolçularda xal itirmək qorxusu həmişə olur. Demək olar, asan oyunumuz olmadı.
- Hazırlıq dövrünü necə keçirməyi planlaşdırırsız?
- Hazırlıq dövründə ən azı 3 yoxlama oyunu keçirməyi planlaşdırırıq.
- Çempionluq kubokunu cəbhə bölgəsinə aparmaq barədə düşünmürsüz ki?
- Bu barədə düşünürük. Ancaq bunun üçün komandirlərin razılığı lazımdı. Bir dəfə Ağdamda olmuşduq. Bizim üçün bunu etmək çox asandı. Ancaq bu məsələ bizim səviyyəmizdə həll edilmir. Bu, hərbçilərin işdidi. Biz həmişə əsgərlərimizin yanındayıq. 
- Sizdən qabaq "Neftçi" 3 il ardıcıl çempion olsa da, sonradan bu komandada eniş dövrü başladı. Sizdə də eyni tendensiyanın təkrarlanacağından qorxmursuz ki?
- Biz həmişə qorxuruq. Bu, istənilən komandanın başına gələ bilər. Bu barədə həmişə düşünürük. Ancaq üzərimizə düşən işi layiqincə yerinə yetirməyə çalışırıq. Qismətimizdə nə varsa, o da olacaq.   
- Cəmi 44 yaşınız olsa da, 3 dəfə çempion olmusuz. Bu uğurlara sizi motivasiya edən nədi?
- Hər bir insan öz işində peşəkar olmalıdı. Hər şeydən əvvəl düzgün olmalıyıq. Belə olduğu halda, işimiz də düzgün olar. Çalışırıq ki, uğur bizi çaşdırmasın. Mən bir məşqçi olaraq daim özümü idarə etməyi bacarmalıyam. Üzərimə böyük məsuliyyət düşür. İnsanı öz insani keyfiyyətlərini yüksəldirsə, uğur qazanmaq mümkündü.
- Hamı "Qarabağ"dan Çempionlar Liqasının qrup mərhələsinə düşməyi tələb edir...
- Futbolda həmişə istədiyin olmur. Biz çalışırıq ki, komanda öz oyununu təkmilləşdirsin. Qismətimizdə nə varsa, o da olacaq. 
- Nə vaxtsa xaricdə çalışmağı düşünürsüz?
- Mən bu komandadayam. Düzünə qalsa, həmişə Azərbaycanda, öz ölkəmiz üçün çalışmaq istəmişəm. O ki qaldı ölkə xaricində çalışmağa, bəlkə gələcəkdə o səviyyəyə çatdıq. Bəlkə də heç çata bilməyəcəyik. Bizi kiçik futbol ölkəsi kimi tanəıyırlar. Buna görə də, burdakı məşqçilərə maraq azdı.
- Şenol Günəş azərbaycanlı jurnalistlərə açıqlamasında "Qarabağ"la oynamaq istədiyini demişdi...
- Belə komandayla qarşılaşmaq bizim üçün xoş olar. Bilmək olmaz, bəlkə avrokuboklarda qarşılaşdıq. Şenol Günəş həmişə mənim sevimli məşqçim olub. Türkiyədə "Beşiktaş"a azarkeşlik edirəm. 
- Açıqlamalarınızın birində oyunlar zamanı sizdən çox ananızın həyəcan keçirdiyini demişdiz. Bu oyundan sonra onunla əlaqə saxlamısız?
- Bəli, elədi. Anam həmişə bizim oyunlarımızda çox həyəcanlanır. Ancaq bu oyundan sonra hələ ki, əlaqə saxlamamışam. İmkanın verirsiz ki...(gülür)
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər