"Bizi maraqlı oyun gözləyir. Bu oyun hamı üçün vacibdi. Komandada böyük istək var. Təəssüf ki, qalib gələn tərəf yalnız bir komanda olacaq. Biz sadəcə, kubokun qalibi olmaq istəyirik". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Qurbanov Azərbaycan Kubokunun "Neftçi" ilə final oyunu öncəsi mətbuat konfransı keçirib. Baş məşqçi 19 il əvvəlki finalla bağlı danışıb: "19 il əvvəl "Neftçi" "Qarabağ"a qalib gəlib. Amma həmin vaxt hər şey fərqli idi. Ona görə də revanş haqda düşünməsək yaxşıdı. Kuboku qazanmaq istəyirik, buna nə dərəcədə nail olacağımızı oyun göstərəcək".
Qurbanov heyətlə bağlı qısa danışıb: "Heyəti müəyyənləşdirmişik. Elə sizin bildiyiniz kimi olacaq".
"Qarabağ"ın çalışdırıcısı final matçının komandası üçün çətin keçəcəyini deyir: "Neftçi"nin son oyunlarına baxmışam. Hamı onların problemlərindən danışır. Amma bizim ən çətin oyunlarımız elə bu komandaya qarşı olub. Heyətlərində gənc futbolçular var. Onlar bizə çətinlik yarada bilərlər. İstərdim ki, rəqib final matçına optimal heyətlə çıxsın. İstənilən halda bu final matçı son iki ildə bu komandaya qarşı ən çətin oyunumuz olacaq".
Fanat.az