Futbolda böyük məbləğdə pulların dövr etdiyi hər kəsə məlumdu. Bütün dünyada olduğu kimi Azərbaycanda da futbola yatırılan pullar göz qamaşdırır. Bəzi klublarımız öz növbəsində futbolçularını həvəsləndirmək, onlara ruh yüksəkliyi vermək üçün müəyyən oyunlara pul mükafatı vəd edir. Lakin bu pul mükafatları komandalardan və oyunlardan asılı olaraq dəyişir.
3 min, 5 min, 10 min, 20 min manat civarında mükafat vəd olunduğunu eşitmişdik. Amma "Neftçala"nın futbolçularına verdiyi mükafat məbləği çoxlarında gülüşə səbəb olub.
I Divizionda çıxış edən "Neftçala" rəhbərliyi II turda səfərdə keçirilən "Kəpəz"ə qarşı oyunda futbolçulara mükafat vəd etmişdi. Bu mükafatın 2 min, 3 min, hətta 10 min olduğu bildirilmişdi. "Premya" almaq arzusu ilə Gəncə təmsilçisini 3 cavabsız qolla yenən komandanın üzvləri belə demək mümkündüsə şoka düşüb.
Etibarlı mənbədən Fanat.az-a daxil olan məlumata görə "Neftçala" rəhbərliyi qələbə üçün vəd olunmuş mükafatın hamısını futbolçulara təqdim etməyib. Belə ki, mənbə məlumatında "qalib" futbolçuların nə az, nə çox, düz 120 AZN mükafat aldığını bildirib. İlk öncə daha çox mükafat verməli olan rəhbərlik qələbədən sonra "Kəpəz"in zəif olduğunu bildirərək az miqdarda "premya" verib. Futbolçuların bu hədiyyəsi isə onları həvəsdən salıb. Mənbənin sözlərinə görə artıq komanda üzvləri bu mükafatdan sonra çempionluğa oynamaq ümidlərini itirib.