Belarusda yaşayan K-1 döyüşçüsü Zabit Səmədov boks üzrə Azərbaycan milli komandasını tərk edib. Fanat.az xəbər verir ki, bu haqda Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov məlumat verib.
Onun sözlərinə görə, "Mauqli" ləqəbli Səmədovun boks yarışlarına qatılmasına Beynəlxalq Həvəskar Boks Assosiasiyasından (AİBA) razılıq verilməyib. AİBA-dan bildirilib ki, K-1 yarışlarında iştirak edən idmançının eyni vaxtda boksçu kimi də qüvvəsini sınaması yolverilməzdi: “Səmədov yığmamızla birgə Qırğızıstana təlim-məşq toplanışına yollanmışdı. O, gələn ay Qazaxıstanın Almatı şəhərində keçiriləcək dünya çempionatına hazırlaşırdı. Lakin AİBA-dan bizə məktub daxil oldu ki, Səmədov boks yarışlarında iştirak edə bilməz”.
Qeyd edək ki, əslən azərbaycanlı olan Zabit boks yığmamızda Teymur Məmmədovla eyni çəki dərəcəsində (91 kq) sınanırdı. Hazırda millimiz Qəbələdə təlim-məşq toplantısındadı.
lent.az