Sabah “Neftçi” və “Qarabağ” üz-üzə gələcək! Təbii, iki iddialının görüşü futbolsevərlər üçün xüsusi önəm daşıyır. Müstəqillik dönəmində keçirilən bütün ölkə çempionatlarında güclülər dəstəsində oynamış komandaların dueli turun mərkəzi qarşılaşmasıdı.
Yen və zirvəyə yüksəl!
Hazırda lider “Qəbələ”dən1 xal geri qalmaqla 2-ci pilləni bölüşən rəqiblər çempionluğa real namizədlərdi. Şübhəsiz, turnir cədvəlindəki durum matçın olduqca gərgin mübarizə şəraitində keçəcəyini söyləməyə əsas verir. Zirvə sahibi bir gün gec oynayacağından bu matçda qalib gələn komanda ən azı 1 günlük turnir cədvəlinin zirvəsinə qalxacaq. Bərabərlik qeydə alınacağı halda isə şəxsi oyunların nəticəsinə görə “köhlən atlar” “lider kürsüsünə əyləşəcək”. Son 3 turda zəfərə həsrət qalan “Qarabağ”ın prinsipial oyunda qələbəsizlikdən qurtulmaq istəyi də öz yerində...
Ötən mövsümə rəng qatdılar
Tərəflərin 2012/13 mövsümündə qızıl medallar uğrunda sona qədər davam edən mübarizəsi futbolsevərlərin zövqünü oxşadı. Sözügedən ölkə təmsilçilərinin ötən “futbol ili”ndə sərgilədiyi oyunla digərlərini arxa plana keçirdiyini mütləq vurğulamalıyıq. Premyer-liqa çərçivəsində baş tutan 4 oyunun 3-də flaqmana qalib gələn ağdamlılar 4-cü matçda Böyükağa Hacıyevin yetirmələrini üstələyəcəyi təqdirdə, çempionluğu böyük ölçüdə təmin edəcəkdi. Lakin mərkəzi arenada keçirilən görüşdə 1:2 hesabıyla məğlub olan Qurban Qurbanovun komandası bakılıların ardıcıl 3-cü “qızıl”ı boynundan asmasına mane olmağı bacarmadı. Əlbəttə, “Tofiq Bəhramov”dakı həmin matçda Anar Salmanovun Ağdam təmsilçisinin qapısına təyin etdiyi penalti uzun müzakirələrə səbəb oldu. Ölkə kubokunun yarımfinalında da yolları kəsişən rəqiblər 2 baxımlı oyunla diqqətləri üzərinə çəkdi. “Neftçi” əsas tituldan məhrum etdiyi ağdamlıların finala gedən yolunu kəsməyi bacardı. İlk görüşdə paytaxt komandasına 1:2 hesabıyla uduzan “köhlən atlar” cavab qarşılaşmasında qollu “sülh”ə razılaşmışdı - 2:2.
Qurbanov komanda yoldaşlarına qarşı
“Qarabağ”ı yeni inkişaf mərhələsinə çatdıran Qurban bəyin Hacıyevin gedişindən sonra “Neftçi”də “hakimiyyəti ələ keçirən” köməkçi-məşqçilərlə taktika savaşı prinsipiallıq vəd edir. Tərlan Əhmədov, Bəxtiyar Musayev və Kamal Quliev artıq məşqçi qismində sözünü demiş Qurbanovu üzmək üçün məntiqlə, bütün gücünü səfərbər etməlidi. Səbəb sadədi: peşəkar nüfuz müharibəsi eyni nəslin, eyni sahədə çalışan nümayəndələri arasında həmişə dəbdədi. Önəmli matçlarda kimin kim olduğu qabarıq şəkildə nəzərə çarpır. Bölgə təmsilçisinin çalışdırıcısı həm “Neftçi”də, həm də yığmada flaqmanı oyunlara hazırlayan “üçlük”lə çiyin-çiyinə top qovub.
Sadiqov “Avropa derbisi”ndən danışdı
“Qarabağ”dan gedişi birmənalı qarşılanmayan Rəşad Sadiqov yenə də vacib qarşılaşmanın əsas simalarındandı. Uzun müddət ağdamlıları kapitan qismində meydana çıxarmış Rəşadın bu mövsüm heyətində legionerlərin sayını artıran sabiq komandasına qarşı necə oynayacağını xüsusi şəkildə izləməyə dəyər: Sadiqov şərəfini qoruduğu klubun saytına danışıb və azarkeşləri tribunalara səsləyib: "Qarabağ"la vacib oyuna çıxacağıq. Bu iki komandanın indiyə kimi keçirilmiş bütün Azərbaycan çempionatlarında çıxış etməsi çox şeydən xəbər verir. Bu komandalar arasındakı matçlar hər zaman böyük maraq doğurub. Ötən mövsümdə rəqib çempionluq yolunda sona kimi mübarizə aparsa da, həlledici anda biz güclü olduğumuzu sübut etdik. Artıq azarkeşlər də "Neftçi" - "Qarabağ" oyununa "Avropa derbisi" adı qoyub. Məncə də bu qarşılaşma avrokubokların pley-off, yaxud qrup oyunlarından heç nəyi ilə geri qalmır. Azarkeşlər bilsinlər ki, bizim uğurumuz onların dəstəyindən də asılıdı".
Əhmədovun tale imtahanı
“Köhlən atlar”la matçda 42 yaşlı Tərlan bəyin gələcək taleyinə aydınlıq gələ bilər. “Neftçi” oyunlarından sonra düzənlənən mətbuat konfranslarına müntəzəm qatılan Əhmədov sadəcə, Hacıyevin əvəzləyicisidi. Başqa sözlə, onun baş məşqçi postuna təyinatı rəsmiləşməyib.
Klub rəhbərliyi ilk 5 turun nəticələrinə əsasən onun barəsində qərar verməli idi. Artıq 7 futbol həftəsi geridə qalsa da, qeyri-müəyyənlik davam edir.
İlk 4 turdakı nəticələr olduqca ürəkaçan idi: AZAL (4:1), “Rəvan” (2:0) və “Simurq” (1:0) üzərində qazanılan qələbələr, üstəlik, “Xəzər Lənkəran”la səfər heç-heçəsi (0:0). Əhmədovun Hacıyevdənqalma “kresloya əyləşməsi”ni enişli-yoxuşlu qrafik əngəllədi. Flaqman “Bakı” ilə səfər matçında darmadağına dözdü və rəhbərlik tələsik qərar verməməyi məqsədəuyğun saydı.
“İnter” üzərində qazanılan 3:1 hesablı zəfərin ardından “Sumqayıt”la “quru” bərabərliyə sabit çıxış arzulayan klub “bosslar”ının tərəddüdünü artırdı. “Ağ-qaralar” ağdamlılara boyun əysə, yeni baş məşqçi axtarışları sürətlənəcək.
NİHAT, “Futbol+”