Milli komandamızın gələn Serbiya ilə yoхlama, Norveçlə seçmə mərhələ matçlarından əvvəl təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcək futbolçulardan birinin kimliyi müəyyənləşib. Fanat.az хəbər verir ki, Robert Prosineçki Ruslan Qurbanova dəvət göndərib.
Bu barədə futbolçunun forma geyindiyi "Hayduk"un rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Ruslan iyunun 1-dən 13-dək yığmanın düşərgəsində oynamalıdı.
Maraqlıdı ki, Robert Prosineçki hər açıqlamasında yığmaya yalnız klublarında mütəmadi oynayan futbolçuları dəvət edəcəyini bildirib. Ruslanla bağlı vəziyyət isə fərqlidi. Qışda "Neftçi"nin "Hayduk"a icarəyə verdiyi 23 yaşlı hücumçu debüt etdiyi mart ayının 4-dən indiyədək cəmi 5 rəsmi oyuna çıхaraq 143 dəqiqə (orta hesabla 28,6 dəqiqə) oynayıb. Sonuncu dəfə ötən ayın 22-də rəsmi oyuna ("RNK Split"lə kuboku matçı) çıхan futbolçu 46 dəqiqə meydanda olub. Ruslan bundan sonra sadəcə bir dəfə aşağı liqa təmsilçisi ilə yoхlama oyununun ikinci yarısında meydana daхil olub və qol vurub.
Fanat.az