Prezident İlham Əliyev və xanımı, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızı Leyla Əliyeva iyunun 8-də I Avropa Oyunları zamanı idmanın bir neçə növü üzrə yarışların keçiriləcəyi “Baku Crystal Hall”da yaradılan şəraitlə tanış olublar. Fanat.az xəbər verir ki, gənclər və idman naziri Azad Rəhimov dövlət başçısına burada görülən işlər barədə məlumat verib.
“Baku Crystal Hall”da I Avropa Oyunları zamanı idmanın voleybol, boks, qılıncoynatma, taekvondo və karate növləri üzrə yarışlar keçiriləcək. Burada voleybol meydançası yüksək səviyyədə yaradılıb. 4000 tamaşaçı yerlik bu meydança beynəlxalq tələblərə cavab verən ən müasir texniki avadanlıqla təchiz edilib. Meydançada Oyunlar zamanı həm kişi, həm də qadın idmançılar mübarizə aparacaqlar. Ümumilikdə, birinci Avropa Oyunlarında Azərbaycan ilə yanaşı, Belçika, Bolqarıstan, Finlandiya, Almaniya, Fransa, İtaliya, Polşa, Rusiya, Serbiya, Slovakiya, Türkiyə, Xorvatiya, Rumıniya, Hallandiya komandaları iştirak edəcəklər.
Burada 2600 tamaşaçı yerlik tribuna qurulub. I Avropa Oyunlarında boks üzrə kişilər 10 çəki dərəcəsində, qadınlar isə 5 çəki dərəcəsində qüvvələrini sınayacaqlar.
Voleybol və boks meydançalarının “Baku Crystal Hall”un əsas hissəsində yerləşməsi səbəbindən onların arasında xüsusi akustik divar qurulub. Bu isə öz növbəsində yarışlar zamanı idmançılar, məşqçilər və tamaşaçıların rahatlığını təmin etməyə və bir-birinə mane olmamağa imkan verir. Bu cür akustik divarın qurulması beynəlxalq idman federasiyalarının tələblərinə daxildi.
Zalda yaradılan media mərkəzi də ən müasir səviyyədədi. Burada media nümayəndələrinin normal işləməsi üçün bütün şərait yaradılıb. “Baku Crystal Hall”da “Eurovision” mahnı müsabiqəsi zamanı şərhçilər üçün nəzərdə tutulan otaqlar genişləndirilərək Avropa Oyunları Ailəsi üçün xüsusi istirahət zonalarına çevrilib. Bina yanğın əleyhinə, həmçinin mərkəzləşdirilmiş havalandırma sistemləri ilə təchiz olunub. Görülən işlər zamanı binanın intellektual idarəetmə sistemi də tamamilə yenilənib. “Baku Crystal Hall” ilə qılıncoynatma, taekvondo və karate növləri üzrə yarışların olacağı zalı birləşdirmək üçün burada funksional keçid zonası inşa olunub. İkimərtəbəli və 4500 kvadratmetr sahəsi olan bu zonada protokol, Avropa Oyunları Ailəsi, Federasiya nümayəndələrinin üzvləri üçün otaqlar və istirahət zonaları yaradılıb. Dopinq yoxlama, tibbi xidmət, idmançıların soyunub-geyinmə, yarışlara hazırlıq və digər xidməti otaqlar da funksional keçiddə yerləşir.
I Avropa Oyunları zamanı qılıncoynatma, taekvondo və karate növləri üzrə yarışların keçirilməsi məqsədilə yaradılan zalda idmançıların rahatlığı üçün bütün zəruri şərait var. “Eurovision” mahnı müsabiqəsi zamanı Mətbuat Mərkəzi kimi istifadə edilən tikili indi yarışlar üçün tam hazır vəziyyətdədi. Zalın mühüm xüsusiyyətlərindən biri də meydançanın hər 3 idman növünə uyğun şəkildə yenidən qurulmasıdı. Burada taekvondo və karate yarışları zamanı tamaşaçı tutumu 1500, qılıncoynatma yarışlarında isə 1100 olacaq. Qılıncoynatma yarışları zamanı burada beynəlxalq idman qurumlarının tələblərinə uyğun 72 metr uzunluğunda meydança quraşdırılacaq.
Ümumilikdə, “Baku Crystal Hall”da I Avropa Oyunları zamanı keçiriləcək yarışlar üçün yaradılan zalların hamısı Beynəlxalq Olimpiya Oyunları standartlarına cavab verir. “Baku Crystal Hall”un ətrafında geniş abadlıq işləri də aparılıb. Ərazidə 6 min kvadratmetr asfalt örtüyü yenilənib, o cümlədən 3 min 500 kvadratmetr yeni asfalt örtüyü salınıb. Burada Avropa Oyunları Ailəsi, idmançılar, texniki işçilər və VİP qonaqlar üçün yeməkxanalar yaradılıb. Bundan başqa, ərazidə akkreditasiya, logistika, mühafizə zonaları, “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməkdaşlarının otaqları və digər müvəqqəti qurğular quraşdırılıb.//AzərTAc
Fanat.az