Topaz Premyer Liqasının VI turunda "Bakı" üzərində əzmkar qələbədən sonra bir günlük istirahətə buraxılan "Xəzər Lənkəran" bu gün məşqlərini bərpa edib. Fanat.az xəbər verir ki, səhər saatlarında Lənkərandakı bazasının ehtiyat meydançasında məşqə çıxan komanda saat yarım ərzində bərpa məşqini keçirməklə yanaşı fiziki və taktiki çalışmaları da yerinə yetirib.
Keçirilən məşqlərdə "Bakı" ilə oyunda 90 dəqiqə çıxış edən futbolçulara nisbətən yüngül çalışmalar verilib. Junior Nildo və Zoahir Benouahi yüngül zədə üzündən fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorenin nəzarətində fərdi məşq keçib.
"Xəzər Lənkəran" çərşənbə gününə qədər AZAL-la oyuna hazırlığı Lənkəranda keçirib səhər məşqindən sonra Bakı şəhərinə yola düşəcək.
Fanat.az