Almaniyanın "Karlsrue" klubunun və millimizin üzvü Dmitri Nazarov Bundesliqaya vəsiqə uğrunda "Hamburq"la keçirdikləri "pley-off" oyunu barədə fikirlərini bildirib. Fanat.az хəbər verir ki, futbolçu hakimi günahlandırıb:
"Hamımız məyusuq. Əla mövsüm keçirsək də, əziyyətimizin bəhrəsini görmədik. Buna hakim imkan vermədi. İkinci hissədə həmin epizodda mən də yerdə qaldım. Lakin referinin fiti susdu. Əlavə vaxtın son dəqiqələrdə isə bizim lehimizə penalti təyin etdi ki, bu da artıq heç bir önəmi yox idi. Belə önəmli görüşlərdə nəyisə sınaqdan keçirmək yolverilməzdi. Əgər 100 faiz əmin deyilsənsə, o qərarı verməməlisən. Axı əlavə vaxtda necə o cür cərimə zərbəsi təyin etmək olardı? Hakim matçın sonlarında bizim xeyrimizə nəsə etmək istəyirdi. Bundesliqaya vəsiqə qazana bilmədiyimiz üçün çox məyusuq".
Qeyd edək ki, Bundesliqaya vəsiqə uğrunda "pley-off" mərhələsinin ilk oyununda səfərdə rəqibi ilə 1:1 bərabərə qalan "Karlsrue" cavab matçında rəqibinə 1:2 hesabı ilə uduzaraq Bundesliqaya vəsiqə qazana bilməyib. Həmin oyunda meydana start heyətində çıxan millimizin üzvü 120 dəqiqə mübarizə aparıb.
Fanat.az