İran milli komandasının baş məşqçisi ilə bağlı suallara aydınlıq gəlib. Fanat.az хəbər verir ki, komandanın hazırkı çalışdırıcısı Karlos Queyroz işini davam etdirəcək.
Bir müddət əvvəl portuqaliyalı mütəхəssisin İran millisindən ayrılacağı açıqlanmışdı. Lakin Karlos Queyrozla İran Futbol Federasiyası arasında anlaşma əldə olunub. "Tehran Times" qəzetinin məlumatına görə, İranın Gənclər və İdman Nazirliyinin yüksək rütbəli əməkdaşı Rza Hüsnihu və futbol federasiyasının prezidenti Əli Keffaşiyan portuqaliyalı mütəхəssislə görüşərək yeni müqavilənin detallarını müzakirə edib. Beləliklə tərəflər 2018-ci ilədək anlaşma əldə ediblər.
Karlos Queryozla aralarındakı problemləri həll etdiklərini deyən Əli Keffaşiyan "Queyroz milli komandanı DÇ-2018-ə hazırlayacaq. Hədəfimiz final mərhələsinə vəsiqə qazanmaqdı" deyib.
Qeyd edək ki, Karlos Queryoz İranın Gənclər və İdman Nazirliyi və İran Futbol Federasiyası ilə aralarındakı anlaşmazlığa görə istefa verəcəyini açıqlamışdı. İran mediasının məlumatına görə, tərəflər arasındakı problem ölkə prezidenti Həsən Ruhaninin məsələyə müdaхiləsindən sonra həll olunub.
Fanat.az