"Kəpəz"in prezidenti Mehman Allahverdiyevin müsahibəsini təqdim edirik. Fanat.az xəbər verir ki, klub rəhbəri bir sıra maraqlı məqamlara toxunub.
- Bizdə olan son məlumata görə, möhür köhnə rəhbərlikdə olduğu üçün heyətə cəlb olunmuş yeni futbolçularla müqavilə imzalamaq mümkün olmayıb…
- Kim dedi ki, onu sizə?
- Belə bir məlumat daxil olub…
- Hə.. Köhnə rəhbərlik Gəncədə yoxdu. Gəlsinlər, məsələ yoluna qoyulacaq.
- Eyni zamanda, məlumat yayılıb ki, baza da onlar tərəfindən talan olub.
- Onların vaxtında olan alətlər idi. Aparıblar, aparmayıblar bu, sizin nəyinizə lazımdı ki? Aparıblar, özləri bilərlər. Heç mənə də lazım deyil.
- Bunlar “Kəpəz”in malı deyil?
- Vəziyyəti düzəldirik.
- Komandanın avtobusu var?
- Avtobusumuz hələ yoxdu, verilməlidi. Əgər avtobus verilməsə, yəqin ki, çempionat oyunlarına, məşqlərə gedib-gəlmək üçün arendaya avtobus götürəcəyik.
- Hazırda Samuxda keçirilən məşqlərə necə gedib-gəlirsiz?
- Arendaya avtobus götürmüşük. Avtobusun pulu iş adamları tərəfindən ödənilir.
- “Kəpəz”in yenidən formalaşmasını şəhər ictimaiyyəti necə qarşılayıb?
- Şəhər ictimaiyyəti bunu yaxşı qarşılayıb. Bizə münasibət yaxşıdı. Gəncə futbol şəhəridi. Gəncədə futbolu başa düşən insanlar çoxdu. Onlar anlayır ki, “Kəpəz”in problemi olacaq. Bizim heyətimiz hələ tam formalaşmayıb. “Kəpəz” gec bir araya gəldiyi üçün futbolçular qorxub, başqa-başqa komandalara qaçdılar. Biz yeni heyət qururuq. Bütün bunlara baxmayaraq, “Kəpəz”in yaxşı çıxış edəcəyinə ümidvaram.
- Futbolçuların minimum-maksimum maaşları nə qədər olacaq?
- Bu barədə danışa bilmərəm. Amma deyiblər ki, normal olacaq.
xemsefans.com